Accessibility links

Ağamalılar sakinləri: “Ya bizi köçürün, ya da yol çəkin”


Ağamalılar İmişlinin ən ucqar yaşayış məntəqəsidir. Kənd rayon mərkəzindən 52 kilometr uzaqda yerləşir. Ən yaxınlığında olan Məmmədli kəndi ilə onu 18 kilometr məsafə ayırır. Kənd sakinləri deyirlər ki, bu məsafəni saat yarıma “zülm-zillətlə” qət edirlər. Onların sözlərinə görə, güclü yağıntı olanda bu yol bəzi nəqliyyat vasitələri, o cümlədən “təcili yardım”a keçilməz olur. Hətta vaxtında xəstəxanaya çatdırılmadığından yolda xəstələrin öldüyünü, hamilə qadınların dünyaya uşaq gətirdiyini iddia edənlər də var.

“Hökumətin bizdən xəbəri yoxdur”

Son 25 ildə bu yol əsaslı təmir edilməyib. Yağıntılı günlərdə yolun hərəkət hissəsində dərin çalalar, gölməçələr yaranır. Yayda isə tozdan nəfəs çəkmək olmur.
Səttar Hüseynov

Kəndin yaşlı sakinlərindən Səttar Hüseynov bildirib ki, bu yolu ötən əsrin 60-cı illərində quruda neft axtaran kəşfiyyat idarəsi salıb: “Kəndin ərazisində neft quyuları olduğundan işçilərin rahat gediş-gəlişi, texnikaların hərəkəti üçün tez-tez burada təmir işi aparılıb. İndi həmin quyuların çoxu quruyub, neft idarəsi də əvvəlki gücdə deyil.

"Son 25 ildə bu yol əsaslı təmir edilməyib. Yağıntılı günlərdə yolun hərəkət hissəsində dərin çalalar, gölməçələr yaranır. Yayda isə tozdan nəfəs çəkmək olmur.”

Kənd ağsaqqallarından olan Kərim Kərimov bu yola görə utandıqlarını deyir: “Başqa yerdən qonaq gələndə, utana-utana qabağına çıxırıq. Üzümüzə deyirlər ki, burada insan yaşayar?...Biz deputatları da, hökumət işçilərini də televiziyada görürük, amma onlar bizi görmür, vəziyyətimizdən xəbərləri yoxdur.”

Məktəblilər iki ayaqqabıdan istifadə edir

Ağamalılar kəndinin başqa istiqamətlərə də çıxışı məhduddur. Onun bir tərəfindən Kür çayı axır, o biri tərəfində isə Şərbətqobu ( göl ) yerləşir. Sakinlər bildirirlər ki, bir neçə kilometr uzaqda yerləşən Zərdab kəndlərinə getməkdən ötrü qayıqdan istifadə etməli olurlar. Onda da gərək hava küləkli olmaya. Belə gedişlər vaxtı qayığın aşmağı insanların həyatı bahasına başa gəlir.

Rahim Əhmədov
Rahim Əhmədov

Kənddaxili yollar da yaxşı vəziyyətdə deyil. Məktəbdə fiziki tərbiyə müəllimi işləyən Rahim Əhmədov bildirir ki, bu palçıqlı yolu uzunboğaz çəkmələrlə gələn şagirdlər məktəbə çatanda onu çıxarıb, evdən gətirdikləri ayaqqabılarını geyinirlər.

O, bu şəraitsizliyə görə gənclərin çoxunun kənddən baş götürüb getdiyini deyir. Kürdəmir rayonundan bura təyinatla işləməyə göndərilən müəllimlər də evə gedib-gəlməyə çətinlik çəkdiklərini söyləyirlər.

Son siyahıya almaya görə Ağamalılar kəndində 643 nəfər qeydiyyatdadır. Amma sakinlər bildirirlər ki, faktiki olaraq əhalinin yarısı bu kənddə yaşamır- rayon mərkəzinə, paytaxta gedənlər də var, yaxın-uzaq xarici ölkələrə də. Sakin Müslüm Paşayev deyir ki, hökumət nəhayət seçim etməlidir: “Ya bizi buradan köçürməli, ya da yol çəkməlidir. Amma hələ ki, bizə pambıq əkmək, barama saxlamaq təklif olunur.”

İmişli rayonunun Ağamalılar kəndi
İmişli rayonunun Ağamalılar kəndi

İcra məmuru: “Asfalt yol çəkilməyi plandadır”

İmişli rayon icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev isə narahatlığa əsas olmadığını deyir:

“Yol hazırda işlək vəziyyətdədir. Bu yaxınlarda 4 yük maşını ilə çınqıl gətirilərək çökəkliklərə tökdürmüşük. Bundan əvvəl isə həmin yola 20 maşın çınqıl verilib. Bunlar daxili imkanlar hesabına edilib. Yolun yenidən qurulması və ona asfalt örtük çəkilməsi plandadır. 2019-cu ildə bu iş görülməlidir.”

(c) AzadlıqRadiosu

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG