Accessibility links

Azərbaycan və Ermənistan qüvvələri arasında şiddətli döyüşlər gedir


Noyabrın 9-da Azərbaycan və Ermənistan qoşunları arasında şiddətli döyüşlər davam etməkdədir. Hər bir tərəf digərinin çoxsaylı itkilər verdiyi barədə məlumatlar yayır.

Azərbaycan Prezidenti noyabrın 9-da Azərbaycan Ordusunun daha 23 kəndi azad etdiyini bildirib.

"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Bu barədə Prezident İlham Əliyev özünün rəsmi Twitter hesabında yazıb.

Erməni tərəfi bu istiqamətlərdə intensiv döyüşlərin getdiyini bildirsə də, ərazilərin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini təsdiq etməyib.

Azərbyaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 8-zi gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələri müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

“Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Azərbaycan Ordusunun Şuşa şəhərini azad etdiyini bildirirb.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan bildirib ki, hazırda Şuşa və ətraf ərazilərdə döyüşlər davam etdirilir. Erməni qoşunları intensiv döyüşlər aparır.

“Bütün günü (noyabrn 8-də) gərgin döyüşlər davam edib və hələ də davam edir. Erməni tərəfi düşmənin ələ keçirdyi bəzi mövqeləri geri alıb və düşmən qüvvələrini məhv etməyə çalışır. İndi təşəbbüsün kimin əlində olduğunu müəyyən etmək çətindir. Dünən günortadan sonra və axşam düşmən böyük qüvvə ilə şəhərə nüfuz etməyə başlayıb və Ermənistan ordusu qüvvələrini yenidən toplayaraq düşmənlə döyüşə başlayıb. Azərbaycan tərəfi ermənilərin bu cür müqavimət göstərəcəyini gözləmirdi. Qarabağ ordusu qarşısında duran vəzfələri çox səriştəli yerinə yetirir. Müdafiə Nazirliyi insanları təlaşa düşməməyə və həddən artıq eyforiyaya qapılmamağa çağırır.”

Hovanisyan Azərbaycan Prezidentinin Şuşanın ələ keçirilməsinə dair açıqlamalarını şərh edərkən deyib ki, Əliyev bu vaxtadək bu və ya digər yaşayış məntəqələrinin ələ keçirildiyini elan edib, ancaq sonra bunun dezinformasiya olduğu, tələsdiyi, sonra həmin məntəqlərin geri alındığı məlum olub.

Onun sözlərinə görə, noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri Martuni (Xocavənd) ətrafında erməni ordusunun bir mövqeyini ələ keçirib, lakin qısa müddətdən sonra canlı qüvvə və texnika itkiləri verərək geri çəkilib.

“Döyüşlər Berdzor (Laçın), Martuni (Xocavənd), Madagiz istiqamətində davam edib. Madagiz istiqamətində hücum cəhdləri olub, lakin düşmən uğur qazana bilməyib. Səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri Martunidə mövqe üstünlüyü qazansa da, tezliklə geri oturdulub. Düşmən qüvvələri Martuni istiqamətində toplanmaqda davam edir və bu istiqamətdə təkrar hücum gözlnilir. Hücum bu gün baş vermədi, sabah noyabrın 9-da hücum olacağı istisna edilmir. Hadrut qəsəbəsinin qərbində ağır döyüşlər davam edib. Ümumiyyətlə, gərgin döyüşlər davam edir və düşmən hələ ki, heç bir mövqe üstünlüyü qazana bilməyib. Düşmənin Martuni və Çartar istiqamətində, həm də Hadrutun cənubunda iki hücum cəhdi olub, ancaq yenə də uğursuz olub.”

Hovanisyan müharibənin ilk 15 gününə nisbətən erməni tərəfinin itkilərinin azaldığını, texniki cəhətdən gücləndiyini və Azərbaycan qüvvələrinin texnoloji üstünlüyünü təsirsiz hala gətirməyi bacardığını deyib.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 9-da cənub-şərq, cənub və cənub-qərb istiqamətlərində müdafiə döyüşləri aparılır.

“Şuşi (Şuşa)-Karin Taq (Daşaltı) rayonunda intensiv döyüşlər gedir. Düşmən kifayət qədər itki verib, geri çəkilib. Bunun nəticəsində “Qarabağ Ordusu” daha əhəmiyyətli mövqe qazanıb,” nazirliyin məlumatında deyilir.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.

"Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir," nazirliyin məlumatında deyilir.

Mülki itkilərə gəlincə, Azərbaycan Baş Prokuroru bildirib ki, sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycanın ümumilikdə 93 mülki vətəndaşı həlak olub, 407 nəfər yaralanıb, 3326 yaşayış evinə, 120 çoxmərtəbəli binaya, 504 mülki infrastruktur obyektinə, minlərlə nəqliyyat vasitəsinə ziyan dəyib.

Ermənistanın ombudsmanı Arman Tatoyan bildirib ki, sentyabrın 27-dən indiyədək ümumilikdə 50 mülki şəxs həlak olub, 150 nəfər yaralanıb. Amma bu məlumat müstəqil ekspertlər tərəfindən təsdiq edilməyib.

​2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının Dağlıq Qarabağ və onun ətrafındakı təmas xəttində intensiv döyüş əməliyyatları başlanıb. Ötən müddət ərzində Azərbaycan qüvvələri əhəmiyyətli irəliləyişə nail olublar.

XS
SM
MD
LG