Accessibility links

Ağdam rayonunda mülki şəxslər qəbiristanlıqda minaya düşüb, iki nəfər həlak olub


Tank əleyhinə mina
Tank əleyhinə mina

Martın 16-da Ağdam rayonu (Bakıdan 358 kilometr qərb) ərazisində 6 mülki şəxsi minaya düşüb. Onlardan iki nəfəri həlak olub, digərləri xəsarət alıb.

Ağdam rayon Prokurorluğunun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatında deyilir ki, eyni ailənin 5 üzvü qonşuları ilə birgə rayonun Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədi ilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüb. Nəticədə Razi və Bayram Hüseynov qardaşları həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qarabağ münaqişəsində döyüşlərin dayandırıldığı 2020-ci il noyabrın 10-dan hazırkı vaxtadək azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 12 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 12 mülki şəxs xəsarət alıb.

Ekspertlərin fikrincə, münaqişə getmiş ərazilərdə yüz mindən çox mina basdırılıb. Minalar əsasən düzənlik ərazilərdə, Ağdam, Tərtər və Füzuli rayonlarının ərazisində basdırılıb.

Münaqişə ərazisində ermənilər yaşayan məntəqələrdə Rusiya sülməramlıları, Azərbaycan Ordusunun nəzarətində olan yerlərdə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Müdafiə Naziliyi, Türkiyə və Rusiya həriçiləri minatəmizləmə işləri aparır. Ekspertlər minatəmizləmə işlərinin bir neçə il davam edəcəyini düşünür.

XS
SM
MD
LG