Accessibility links

Ağdam, Xocavənd və Qubadlı istiqamətində şiddətli döyüşlər gedir


Noyanrın 2-də Azərbaycan və Ermənistan qoşunları arasında ağır döyüşlər davam etməkdədir. Tərəflər bir-birini humanitar atəşkəsi pozmaqda günahlandırır. Hər iki tərəfdən itkilər var.

Azərbaycan Ordusu Cəbrayıl rayonunun üç, Zəngilan rayonunun iki və Qubadlı rayonunun üç kəndinə nəzarəti ələ keçirib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter səhifəsində yazıb.

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Əliyev yazıb.

Ermənistan tərəfi Azərbaycan Ordusunun irəliləməsini etiraf etsə də, sadalanan yaşayış məntəqlərinə nəzarəti itirdiyini hələ təsdiq etməyib.

Azərbaycan Ordusu aktiv hərbi əməliyyatların başladığı sentyabrın 27-dən indiyədək 4 rayon mərkəzi, 3 qəsəbə, 200-dən çox kəndə nəzarəti ələ keçirib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 1-i gün ərzində və 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

“Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrədir. Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri çatışmır,” nazirliyin məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovannisyan deyib ki, Azərbaycan Silahlı Qüvvələri gün ərzində (noyabrın 1-də) əhəmiyyətli mövqe dəyişikliyinə nail ola bilməyib.

"Səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri muzdlu dəstələrlə birgə cəbhənin müxtəlif istiqamətlərində hücumlar edib. Əsasən, kiçik qruplar halında topların və bəzi ərazilərdə aviasiyanın köməyi ilə hərəkət ediblər. Düşmən heç bir istiqamətdə əhəmiyyətli mövqe üstünlüyü qazana bilməyib. Döyüşlər davam edir," o, qeyd edib.

Hovanisyanın sözlərinə görə, Azərbaycan Ordusunun başqa istiqamətlərdə də hücum edəcəyi gözlənilir, amma Ermənistan Silahlı Qüvvələri buna hazırdır.

Hovanisyan bildirib ki, döyüş əməliiyatları zamanı özünü tanınmamış “Dağlıq Qarabağ Respublikasının” Müdafiə Nazirliyi kimi təqdim edən qurumun nazir müavinləri, polkovniklər Artur Sarkisyan və Sergey Şəkəryan öldürülüb.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin qənaətincə, Azərbaycan Silahlı Qüvvələrinə faktiki rəhbərliyi Türkiyə Ordusunun Baş Qərargahı edir.

“2020-ci ilin iyulundan sonra Azərbaycan Ordusu Ermənistanla sərhəddə biabırçı nəticələrdən sonra Türkiyə Azərbaycan silahlı qüvvələrinin idarə edilməsini öz üzərinə götürüb. Bəzi mütəxəssislərin düşmənin hərbi-texniki göstəriciləri barədə heyranlıqla danışmaları ilə əlaqədar olaraq xatırladıram ki, bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur," Hovanisyan deyib.

Bu arada Ermənistan Müdafiə Nazirliynin rəsmisinin dediklərini Azərbaycan hərbi və siyasi rəhbərliyi təkzib edir. Azərbaycan prezidenti bəyan edib ki, ölkənin nizami ordusu və müasir silah təchizatı var.

“Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir,” prezident İlham Əliyev oktyabrın 31-də Almaniyanın ARD televiziyasına müsahibəsində deyib

Prezident həmçinin Azərbaycan Ordusunun kifayət qədər hərbiçi potensialının olduğunu və əlavə hərbi qüvvələrə, muzdlulara ehtiyacının olmadığını bildirib.

“Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac da yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabirik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin,” Əliyev bir müddət əvvəl Rusiyanın Rossiya-1 televiziyasına müsahibəsində bildirib.

Prezidentin köməkçisi Hikmət Hacıyev isə əksinə Ermənistanın muzdlulardan istifadə etdiyini və bu faktın təsdiqinin olduğunu deyib.

“Ermənistan silahlı qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Təkcə bu gün deyil, həmişə Ermənistan tərəfdən muzdlulardan, terrorçulardan ölkəmizə qarşı istifadə olunub. Hətta son dövrlərdə bir sıra ölkələrdə, o cümlədən Avropadakı erməni əsilli şəxslərin muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etməsi barədə faktlar var. Biz də kanallardan istifadə edərək aidiyyəti ölkələrə müraciət edirik ki, vətəndaşlarına sahib çıxsınlar, onları bu kimi qeyri-qanuni hərəkətlərdən çəkindirsinlər,” AZƏRTAC dövlət agentliyi Hacıyevə istinadən məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin rəsmisinin aviasiyadan istifadə ilə bağlı dediklərini təsdiq edib.

“Oktyabrın 31-də Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib. Endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilib,” Müdafiə Nazirliyi məlumatını video görüntü ilə təsdiq edib.

Hər iki tərəf gün ərzində ərazilərdəki mülki yaşayış yerlərinin atəşə tutulması barədə məlumat yaysa da insan itkisi olmadığını bildirib.

Amma, münaqişə dövründə çoxsaylı mülki itkilər var. Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 392 nəfər yaralanıb.

Ermənistan rəsmilərinin mülki itkilərlə bağlı fikirləri müxtəlifdir. Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan bildirirb ki, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 112 nəfər yaralanıb. Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi isə mülki itkilərin 44 nəfər, yaralıların 141 olduğunu deyib

Hərbi itkilərə gəlincə, Ermənistan oktyabrın 29-dan noyabrın 2-dək hərbi itkiləri barədə məlumat yaymayıb. Yalnız, bu gün, noyabrın 2-də 11 hərbiçisnin həlak olduğunu bildirib. Beləliklə, rəsmi məlumatların yekunu olaraq Ermənistan Ordusu 1177 hərbiçisini itirib. Lakin bu məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Azərbaycan Müdafiə Nazirliyinin son günlər yaydığı videolarda erməni tərəfinin çox sayda hərbiçilərinin öldürüldüyü və yaralandığı görünür.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin hərbi itkiləri barədə məlumatlar yayılır.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG