Accessibility links

92 yaşlı Aşıq Yusuf Ohanes Urmiyədə vəfat edib


Babası Aşıq İşo və atası Aşıq Yaqub kimi ömrünü Urmiyə Aşıq Məktəbinin inkişafına həsr etmiş Aşıq Yusuf Ohanes may ayının 12-də 92 yaşında doğma şəhəri Urmiyədə vəfat edib.

1927-ci ildə Urmiyənin “Təkə Dizə” kəndində xristian aysor (Assyrian) ailədə dünyaya gələn Yusuf yeniyetmə yaşlarında atası və babasının sənətini davam etdirmə yolunu seçmişdir.

Keçən 20 ildə Aşıq Yusuf və Aşıq Məmməd Hüseyn Dehqan bölgə əhalisi tərəfindən Urmiyə Aşıq Məktəbinin yaşayan ən böyük iki üstadı kimi tanınırdılar.

Savalan filmi (1989)
Savalan filmi (1989)

Ömrünü Urmiyə Aşıq Məktəbinə həsr edən mərhum ustadın əsas yaradıcılığı türk dilində olub, amma o, aysor dilində də mahnılar ifa edib.

Aşıq Yusufun ömrünün son illərinə qədər istifadə etdiyi aşıq sazı təqribən 170 il əvvəl sazbənd babası Aşıq İşo tərəfindən düzəldilib.

Yusuf Ohanes mərhum rejissor Yədulla Səmədinin 1989-cu ildə çəkdiyi “Savalan” kinofilmində rol alıb, mahnılar ifa etmişdir.

İran Azərbaycanının qərbi, xüsusilə Türkiyə sərhədində yerləşən bölgələrə məxsus Urmiyə Aşıq Məktəbinin təməli XVIII-XIX əsrlərdə Dollu Mustafa, Balovlu Miskin və Qul Hartun tərəfindən qoyulub.

Urmiyə Məktəbi mərkəzi Urmiyə olan Qərbi Azərbaycan vilayətinin müxtəlif bölgələrində geniş yayılıb.

İfa etdikləri saz üzərində adətən ay-ulduz simvolu olan Urmiyə Məktəbi ustadları müxtəlif ölkələrin türk bölgələrindəki havalardan ruhlanaraq bu məktəbə yeni mahnılar və havalar qazandırıblar. “Hələb havası”, “Osmanlı Şərqisi”, “Sivastopol havası”, “Göyçə Gözəlləməsi”, “Həmədan Gəraylısı”, “Qars havası”, “Osmanlı Bəhrisi” və “Tərəkəmə Gözəlləməsi” kimi havalar bu sıraya daxildir.

Urmiyə məktəbinin əsas xüsusiyyətlərindən biri Qərbi Azərbaycan vilayətində yaşayan türklərlə yanaşı, aysorlar (Assyrian) və ermənilər kimi digər etnik icmalara mənsub musiqiçilər tərəfindən də təmsil edilməsi, habelə sünni, şiə, ələvi və xristian əhali arasında yayılması və bütün bu qruplar arasında ustad ifaçıların yetişdirilməsindən ibarətdir.

XS
SM
MD
LG