Niderlanddan olan deputat Mart van de Ven Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinə “Landromat: korrupsiyaya və pulların yuyulmasına qarşı mübarizə ilə bağlı beynəlxalq çağırışlara cavab verərkən” adlı hesabatın layihəsini təqdim edib.
Sənəddə Avropa Şurası üzvlərinin korrupsiya sxemlərində iştirakı, təşkilat üzvü olan ayrı-ayrı ölkələr tərəfindən deputatların ələ alınması faktlarından danışılır.
Əsasən “Azərbaycan landromatı” adlı əvvəlki sənəd xatırladılır. Sənədə görə, rəsmi Bakı öz imicinin yaxşılaşdırılması, Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasını tənqid edən sənədlərin qarşısının alınması üçün 3 mlrd. avro ödəyib.
Məruzəçi Azərbaycandan qanunsuz maliyyələşmənin hansı yollarla həyata keçirildiyini, bunda kimlərin iştirak etdiyini və hansı səbəblərdən mümkün olduğunu ətraflı təsvir edir.
Sənəddə qeyd olunub ki, Avropa Şurası həmin korrupsiya sövdələşməsinin iştirakçıları – pulları italiyalı deputat, digər deputatların ələ alınmasında əsas rol oynayan Luka Volonteyə göndərən azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədova qarşı konkret tədbirlər qəbul etməyib.
Sənəddə gələcəkdə belə hallara yol verilməməsi üçün zəruri addımların atılmasının, bu qalmaqalın iştirakçılarının cəzalandırılmasının vacibliyindən və Avropa Şurasında bu cür metodların tətbiqinə yol verən üzv ölkələrin məsuliyyətindən danışılır.
Hesabat martın 4-də Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclasında qəbul edilib.
Sənəd apreldə Strasburqda AŞPA-nın yaz sessiyasının müzakirəsinə çıxarılacaq.
Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət jurnalsitlərin çirkli pulların yuyulması, deputatların ələ alınması ilə bağlı aradırmasına siyasi münasibət bildirsə də, hələ hüquqi səviyyədə qiymət verilməyib. Bununla yanaşı, İtaliya prokurorluğunun bu ölkədən olan deputat Luka Volonte ilə bağlı araşdrıma apardığı bilıdirilir.