Accessibility links

AŞPA həmməruzəçiləri Ermənistanı və Azərbaycanı təmkinli olmağa çağırıb


AŞPA
AŞPA

"Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulması nəticəsində baş verən insan itkilərindən narahatıq.”

Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ermənistanın monitorinqi üzrə məruzəçisi Kimmo Kilyunenin (Finlandiya) və Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Rocer Geylin (Böyük Britaniya) bəyanatında deyilir.

“Hər iki ölkəyə xatırladırıq ki, sülhə şərait yaratmaq onların Avropa Şurasına üzv olarkən üzərinə götürdükləri öhdəlikləridir. Buna görə onları israrla lazımi səviyyədə təmkinlilik nümayiş etdirməyə və təhrikedici ritorikadan uzaq durmağa çağırırıq,” birgə bəyanatda bildirilir.

Onlar həmçinin iyulun 15-də həmsədrlərin də öz bəyanatlarında qeyd etdiyi kimi, hər iki ölkəni ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə çağırıb.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq silahlı qarşıdurma olub.

Rəsmi məlumatlara görə, Azərbaycanın 12 hərbi qulluqçusu, 1 mülki şəxsi, Ermənistanın 4 hərbi qulluqçusu həlak olub.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

XS
SM
MD
LG