Accessibility links

AŞPA məruzəçiləri Tofiq Yaqublunun işinə yenidən baxmağa çağırıblar


AŞPA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini “xuliqanlıq” ittihamı ilə 4 il üç ay müddətinə azadlıqdan mərhum edilmiş müxalif siyasətçi Tofiq Yaqublunun işinə yenidən baxmağa çağırıblar.

Bu barədə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyadan olan deputat Sunna Evarsdottir, Azərbaycandakı ümumi durum üzrə həmməruzəçilər Ştefan Şennak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) bəyanat veriblər.

“Cənab Yaqublunun vəkilinin məhkəmə prosesinin ədalətsiz, ictimaiyyət üçün qapalı keçirilməsi və müdafiə tərəfin heç bir vəsatətinin təmin edilməməsi haqqında iddiaları bizi narahat edir”deyə bəyanatda deyilir.

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir (İslandiya) deyib:

“Hökmün sərtliyi və Yaqublunun aclıq elan etmək qərarı bizi xüsusilə narahat edir”.

Hər üç məruzəçi hələ 2020-ci il martın 22-də Yaqublu avtomobil qəzasında və ər-arvada bədən xəsarəti yetirməkdə ittiham olunaraq həbs edildiyi zaman narahatlığını bildirmişdi.

“Cənab Yaqublu digər maşının onun park edilmiş maşınına vurduğunu və ər-arvadın ona hücum etdiyini iddia edərək, özünü təxribatın qurbanı hesab edir. Təəssüf ki, Azərbaycan hakimiyyəti keçmişdə də siyasi müxalifəti susdurmaq üçün dəfələrlə saxta “xuliqanlıq” ittihamlarından istifadə edib”, deyə AŞPA məruzəçiləri qeyd edirlər.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib..

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

XS
SM
MD
LG