Accessibility links

AŞPA-nin məruzəçisi: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir


Əfqan Muxtarlı azadlıqda
Əfqan Muxtarlı azadlıqda

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir hakimiyyətin jurnalist Əfqan Muxtarlını həbsdən azad etməsini alqışlayıb.

"Cənab Muxtarlının sınağının nəhayət bitdiyini və onun ailəsinə qovuşduğunu eşitmək mənim üçün çox xoşdur," Evarsdottir bildirib.

"Assambleya artıq Muxtarlını siyasi məhbus kimi tanıyıb, mən ötən ilin sentyabrında Azərbaycanda səfərdə olarkən ona baş çəkmişdim," məruzəçi qeyd edib.

"Azərbaycan hakimiyyəti ölkənin Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı kimi öz öhdəliklərini yerinə yetirməsi, bütün siyasi məhbusları azad etməsi və bu sahədəki əsas sistemli problemləri həll etməsi üçün qətiyyətli addımlar atmalıdır," o təklif edib.

"Onlar, xüsusən, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının bütün elementlərini dərhal yerinə yetirməli və Assambleya ilə 2322 saylı qətnamədə (2020) əksini tapmış tövsiyələr üzərində konstruktiv işə başlamalıdırlar," Evarsdottir bildirib.

Öz növbəsində, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir də müstəqil jurnalist Əfqan Muxtarlının həbsdən azad edilməsini dəstəkləyib.

"Çoxdan gözlənilən Azərbaycanlı jurnalist Əfqan Muxtarlının azadlığa buraxılmasını alqışlayıram. Onun işi ilə bağlı dəfələrlə Azərbaycan hakimiyyətinə müraciət etmişdim, ciddi narahatlığımı bildirmişdim və ona qarşı cinayət ittihamlarını ləğv edib onu azad etməyə çağırmışdım," Dezir bildirib.

"Şadam ki, o, Almaniyada həyat yoldaşı Leyla Mustafayevaya və qızına qovuşa biləcək," Dezir qeyd edib.

Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.

Məhkəməsində bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbsə məhkum edilib.

2020-ci il martın 17-də Suraxanı rayon Məhkəməsi jurnalistin cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib. Məhkəmə qərarından sonra Muxtarlı həbsdən azad edilib və dərhal Almaniyaya yola salınıb. Muxtarlı həbs edilən zaman onun ailəsi Tbilisidə yaşayırdı. Muxtarlının həbsindən sonra ailəsi Almaniyadan sığınacaq alıb.

XS
SM
MD
LG