Accessibility links

AŞPA-nin qətnaməsində Azərbaycanda insan hüquqları sahəsindəki problemlərdən danışılır


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Danimarkadan deputat Maykl Aastrup Censenin hazırladığı hesabat əsasında “AŞPA monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib.

Sənəddə monitorinq altında olan ölkələrin əldə etdiyi tərəqqi alqışlanır, Azərbaycan daxil olmaqla bəzi ölkələrdə problemlərin qalmasından narahatlıq ifadə olunur və tövsiyələr irəli sürülür.

Qətnamənin 11-ci bəndində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün tərəflər siyasi dialoqa mane olan qızışdırıcı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı 9 noyabr üçtərəfli bəyanatının humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırılır.

Sənəddə insan haqları məsələlərinə toxunulur. Ötən ilin aprelində ReAl Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verilməsi alqışlanılsa da, bunun Avropa İnsan Haqları Məhkəməsi qərarının icrası üçün qoyulmuş zaman çərçivəsində həyata keçirilməməsindən təəssüf bildirilir.

Sənəddə Azərbaycanda hökumətin opponentlərinə irimiqyaslı repressiyaların, internetə çıxış daxil olmaqla ifadə azadlığına məhdudiyyətlərin, məhkəmənin müstəqil olmamasının, plüralizmin yoxluğu, hüququn aliliyi və insan haqlarının pozulması, sərbəst toplaşma, birləşmə və din azadlığına məhdudiyyətlərin qaldığı qeyd edilir.

AŞPA monitorinq altında olan ölkələri Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırır.

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib ki, qətnamə Azərbaycandakı durumu tam əks etdirir.

“Azərbaycan Avropa Şurası qarşısında insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməyib. Ümumiyyətlə ölkədə insanların fundamental hüquqları ilə bağlı ciddi problemlər var. Bu yaxınlarda bizim təşkilat hüquqları Azərbaycanda 146 siyasi məhbus olduğunu müəyyən edib. Bu, əhalisinin sayına görə çpx böyük rəqəmdir,” hüquq müdafiəçisi qeyd edib.

AXCP Ali Məclisnin sədri Nürəddin Məmmədli deyib ki, qətnamədə hakimiyyətin opponentlərini təcrid rejimində saxlaması əksini tapıb.

“Sənəddə Azərbaycanda hökumətin opponentlərinə irimiqyaslı repressiyaların, internetə çıxış daxil olmaqla ifadə azadlığına məhdudiyyətlərin, məhkəmənin müstəqil olmamasının, plüralizmin yoxluğu, hüququn aliliyi və insan haqlarının pozulması, sərbəst toplaşma, birləşmə və din azadlığına məhdudiyyətlərin qaldığı qeyd edilir. “2020-ci ilin martından COVİD-19 pandemiyasına qarşı təhlükəsizlik tədbirləri çərçivəsində hökumətin opponentləri genişmiqyaslı repressiyaya məruz qalıb, İnternetə çıxış məhdudlaşdırılıb. 15-dən artıq müxalifət fəalı və jurnalist karantin qaydalarına pozmaq və polisə tabe olmamaq ittihamıyla 30 sutkalıq həbsə məhkum edilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli de fakto ev həbsinə məhkum edilib, internet və telefon rabitəsi kəsilib,” o qeyd edib.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvü olan deputat Aydın Mirzəzadə Turan agentliyinə bildirib ki, Azərbaycan müstəqilliyini, demokratiyanı, insan hüquqlarını hüquqi demokratik dövlət quruluşu ilə bağlayır.

“Hesab edirəm ki, biz öhdəliklərimizi kifayət qədər yerinə yetiririk. Azərbaycan bu gün Avropa Şurasının dayaqlarından biridir,” o deyib.

XS
SM
MD
LG