Accessibility links

AŞPA prezidenti Azərbaycan prezidenti və QHT rəhbərləri ilə görüşüb


AŞPA prezidenti Lilian Mori Paskye QHT rəhbərləri ilə görüşüb (Foto Əvəz Həsənovun facebook səhifəsindəndir)
AŞPA prezidenti Lilian Mori Paskye QHT rəhbərləri ilə görüşüb (Foto Əvəz Həsənovun facebook səhifəsindəndir)

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye sentyabrın 12-də prezident İlham Əliyevlə görüşüb.

Bu barədə Azərbaycan prezidentinin rəsmi internet saytı məlumat yayıb.

Prezident İlham Əliyev və AŞPA prezidenti Lilian Mori Paskye görüşüb
Prezident İlham Əliyev və AŞPA prezidenti Lilian Mori Paskye görüşüb

Məlumatda görüşün təfərrüatları barədə yazılmayıb.

AŞPA prezidenti ölkə prezidenti ilə görüşdən öncə bir qrup hüquq müdafiəçisi ilə görüşüb. Görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Əvəz Həsənov, Mehriban Zeynalova, jurnalist Mehman Hüseynov, vəkil Əsabəli Mustafayev və digərləri iştirak edib.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin həmsədri Arzu Abdullayeva bildirib ki, AŞPA rəhbəri rəsmi şəxslərlə görüşdən öncə bu görüşü çox vacib saydığını qeyd edib.

Görüş zamanı Azərbaycan ictimaiyyətini narahat edən problemlər, o cümlədən QHT-lərin fəaliyyətində məhdudiyyətlər müzakirə edilib.

Vətəndaşların siyasi motivlərlə təqib olunması məsələsinə toxunan hüquq müdafiəçiləri qeyd ediblər ki, yeni cinayət işlərinin sayının azalmasına baxmayaraq, inzibati həbslərin sayı artıb. Bundan əlavə, əvvəllər həbslər 10 sutkadan 30 sutkayadək olurdusa, indi 2 ayadək həbs cəzası verirlər.

Siyasi məhbusların problemlərinə gəlincə, siyahılar fərqlidir. Bu, Gəncə hadisələri üzrə 52 nəfərin mühakimə edilməsilə bağlıdır. Bu məsələ cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da Abdullayeva ilkin istintaq zamanı iş üzrə adları keçən şəxslərlə qeyri-insani rəftar edildiyini bildirib.

Vətəndaş cəmiyyətinin vəziyyətinə gəlincə, fəallar qeyd edib ki, QHT haqqında indiki mürtəce qanun vətəndaş cəmiyyəti institutlarına mənfi təsir göstərir.

AŞPA prezidentinə seçkilər zamanı demokratiyanın pozulması, vəkillərin işdən kənarlaşdırılması və ictimai fəalların təqib edilməsi faktları barədə məlumatlar verilib.

AŞPA prezidenti sentyabrın 11-12-də Azərbaycanda səfərdədir.

XS
SM
MD
LG