Accessibility links

AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini bərpa edib


Avropa Şurasının Parlament Assambleyası Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edib. Rusiya deputatları bundan sonra səsvermələrdə iştirak edə biləcəklər.

Rusiyanın üzvlüyünün bərpa edilməsinə assambleyada 116 deputat lehinə, 62 deputat isə əleyhinə səs verib.

Bununla yanaşı, AŞPA Rusiya nümayəndə heyətinə tələblərini səsləndirib. Bu tələblərə əməl edilsə, Rusiya nümayəndə heyəti assambleyanın işində məhdudiyyətsiz iştirak edə bilər. Moskva üzvlüklə bağlı borclarını ödəməli, Rusiya sərhədçiləri tərəfindən Rusiyanın ilhaq etdiyi Krım sahillərində həbs edilmiş 24 ukraynalı dənizçini azad etməli, Çeçenistanda LQBT nümayəndələrinin təqiblərinə son qoymalı, müxalif siyasətçi Boris Nemtsovun qətlini təhqiq etməlidir.

Səsvermədən sonra Ukrayna nümayəndə heyəti assambleyanı tərk etdiyini elan edib.

Rusiya 2015-ci ildən assamleyanın işində iştirak etmir. Krımın ilhaqı və Ukraynanın şərqində separatçılara dəstəklə əlaqədar olaraq Rusiya səsvermə hüququndan və assambleyanın orqanlarında işdən məhrum edilmişdi. Yaranmış vəziyyətə görə Rusiya 2017-ci ildən Avropa Şurasının büdcəsinə ödənişləri dayandırıb və təşkilatdan çıxmaqla hədələyib. Fransa, Almaniya və bir sıra başqa ölkələr Rusiya nümayədə heyətinin səlahiyyətlərinin qaytarılmasına tərəfdar çıxıb.

AŞPA iyunun 25-də reqlamentə əlavələr edərək, Rusiya nümayəndə heyətinin assambleyada işinə qayıtmasına imkan verən qətnamə qəbul edib. Bundan sonra Ukrayna və Gürcüstan Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqinə etiraz edib. Rusiya deputatları xəbərdarlıq ediblər ki, Rusiya assambleyanın əvvəllər irəli sürdüyü hansısa məhdudiyyətlərin qaldığı təqdirdə AŞPA-nı tərk edəcək.

XS
SM
MD
LG