Accessibility links

İran nüvə proqramı ilə bağlı hədələrini daha da genişləndirib


İran hökuməti onun nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edilməsi haqda Beybəlxalq Atom Enerjisi Agentliyinin qərarının ardınca beynəlxalq ictimaiyyətə hədələrini bir qədər də genişləndirib. Rəsmi Tehran artıq bəyan edib ki, əgər agentlik öz mövqeyindən geri çəkilməsə o, uran zənginləşdirilməsini bərpa edəcək, nüvə mərkəzlərində inspeksiyalara qadağa qoyacaq və bu qətnaməni dəstəkləmiş ölkələrlə əlaqələri kəsəcək. Hədələrə baxmyaraq Rusiya atom enerjisi naziri və Vyanada yerləşən bir sıra diplomatlar bildirirlər ki, onsuz da İranın dərhal uran zənginləşdirilməsinə başlamaq imkanı yoxdur. “Hal hazırda İranın uran zənginğləşdirmək qabiliyyəti yoxdur, İranlılar bunu heç cür edə bilməzlər,” deyə Rusiyalı Aleksandr Rumyantsev söyləyib. Cənab Rumyantsevin dediyinə görə, İranın yeganə məlum Natanz nüvə mərkəzində zənginləşdirmə emalatxanası var ki, orada da belə bir əməliyyat ən azı 1 il vaxt apara bilər.

İranın sərtləşən mövqeyinin göstəricilərindən biri də odur ki, İranın sərt- xətt yönümlü parlamenti hökumətin nüvə məsələləri üzrə beynəlxalq ictimaiyyətlə münasibətlərinə dair yeni ölçüləri nəzərdən keçirir. Bu ölçülər sırasına qısa vaxta xəbərdarlıq edilmədən beynəlxalq müfəttişlərin İranda təftiş aparmasına qadağa qoyulması daxildir. Xarici işlər naziri Həmid Reza Asəfi söyləyib ki, İran şənbə günü qətnaməyə səs verən ölkələrlə ticari əlaqələrin azaldılmasını nəzərdən keçirəcək.

Los Anceles Taymz qəzetinin yazdığına görə bu əsasda İranın Hindistanla münasibətləri xüsusi təhlükə qarşısındadır. Hindistan təəccüblü addım ataraq özünün yaxşı münasibətlər saxladığı İran əleyhinə qəbul edilən qətnaməyə səs vermişdi. İranın ona qarşı çıxış edən ölkələrlə münasibətləri kəsəcəyi haqda bəyanatının ardınca Hindistan xarici işlər naziri Şyam Saran İranın Yeni Dehlidəki səfiri Siyavuş Yaqubu ilə danışıqlar aparmışdır. Hindistanın görüşdən sonra verdiyi açıqlamada qeyd olunur ki, Dehli bu addımı İranla beynəlxalq ictimaiyyət arasında münaqişəsinin qarşısını almaq üçün atıb. Qeyd edək ki, İran hökuməti Hindistana təbii qaz ixracı ilə bağlı 20 milyard dollarlıq razılığı pozacağını bəyan edib. Lakin Hindistan baş naziri Manmohan Sinqh bu haqda deyilənlərin həqiqətə tam uyğun olmadığını bildirib. Qətnaməyə sponsorluq etmiş Avropa ölkələrinə gəldikdə isə İran onunla zor dilində danışmağın faydasız olduğunu vurğulyaraq Britaniya, Fransa və Almaniyanı konstruktiv mövqe tutmağa çağırmışdır.

XS
SM
MD
LG