Accessibility links

HRW-un Azərbaycanda polis zorakılıqlarına dair bəyanatı açıqlanıb


Qurum Birləşmiş Ştatları və Avropa Birliyi ölkələri kimi Azərbaycanın beynəlxalq tərəfdaşlarını seçki kampaniyaları zamanı həyata keçirilən hücumların qəti şəkildə qınamağa çağırır. Bəyanatda deyilir ki, bu ölkələr açıq şəkildə Azərbaycan hökumətinə maliyyə yardımının dayandırılması da daxil edilməklə, 2003-cü il prezident seçkilərini kölgə altına alan insan hüquqlarının pozulması hallarına bir daha yol verilsə, bunun real nəticələri ola biləcəyi barədə xəbərdarlıqla çıxış etməlidir. HRW-un bəyanatında bildirilir ki, oktyabrın 1-də polis Bakının mərkəzində yürüş keçirməyə cıhd edən müxalifət tərəfdarlarını döyüb və həbs edib. Təşkilatın nümayəndəsi polisin aksiya iştirakçılarını dəyənəklə döydüyü və bir neçə adamın xəsarət aldığının şahidi olub. «Azərbaycan hökumətinin yaratadığı şərait azad və ədalətli seçki qarşısında qorxu yaradır».Bu, HRW-un Avropa və Orta Asiya üzrə direktoru Holi Kartnerin sözləridir. Onun bildirdiyinə görə, beynəlxalq ictimaiyyət bu hücumları pisləməli və azad toplaşmanın insan hüquqlarının əsaslarından biri olduğunu aydın şəkildə bəyan etməlidir. HRW oktyabrın 1-də «Azadlıq» seçki blokunun icazəsiz yürüş-mitinqindən əvvəl polisin «28 May» meydanına gedən yolları bağlaması, adamları avtobuslara doldurması, habelə, sentyabrın 25-i aksiyası zamanı iştirakçıları döyməsini qeyd edir. HRW bildirir ki, AXCP-nın sədri Əli Kərimli həmin gün 150-ə yaxın müxalifət üzvlünün həsb edildiyini bildirmişdi. Təşkilat üzvləri polis zorakılqılarının şahidi olmuş bir neçə beynəxlaq müşahidəçi ilə danışmışdır. HRW həbs edilənlər arasında müxalifətin seçkilərə namizədliyini irəli sürmüş 4 nümayəndəsinin də olduğunu bildirir. İnsan hüquqları təşkilatının bəyanatında deyilir ki, seçkiqabağı kampaniyalar zamanı namizədərin tərəfdarları ilə görüşünə polis və səlahiyyətli nümayəndələr tərəfindən mane olunur. Qurum «Yeni Fikir» Gənclər Təşkilatının üzvlərinin də həbs edildiyini bildirir. Təşkilatın üzvü Səid Nuri sentyabrın 12-i həbs edildikdən sonra hələ də heç bir ittiham irəli sürülmədən nəzarət altındadır. Sənəddə onun səhhətinin ağırlaşması səbəbi ilə xəstəxanaya düşdüyü bildirilir. Hazırda Səid Nuri polis nəzarəti altında saxlanılır və qohumları ilə görüşlərə məhdudiyyətlər qoyulur. HRW-un Avropa və Orta Asiya üzrə direktoru Holi Kartner deyir ki, Birləşmiş Ştatlar və AB vəziyyətin daha da pisləşməsini gözləməməli, seçkiqabağı repressiya əlamətlərinə münasibətini bildirməlidir. HRW-a görə, azərbaycanlılar arasinda ABŞ-ın bu ölkədə neft sərmayələrinə görə sabitliyə üstünlük verməsi ilə Vaşinqtonun insan haqları pozuntularına reaksiya verməyəcəyi ilə bağlı ümumi qorxu mövcuddur. HRW-un bəyanatına belə yekun vurulur. Azərbaycanda tarixən seçkilər beynəlxalq standartlara uyğun keçirilməyib. Qurum 2003-cü il prezident seçkisində saxtakarlıqlara yol verildiyi, seçkidən sonrakı etiraz aksiyalarında yüzlərlə müxalifətçinin həbs edildiyini xatırladır.
XS
SM
MD
LG