Accessibility links

İraq hökuməti bir sıra təhlükəsizlik tədbirləri həyata keçirəcəyini bildirib


İraq höküməti oktyabrın 15-də əsas qanun layihəsi barədə keçiriləcək referendumda seçicilərin təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirib. Təhlükəsizlik tədbirlərinin siyahısına çərşənbə axşamından başlayaraq gələn bazar ertəsinə qədər şəhərlərdə komendant saatının tətbiqi, sərhəd bölgələrdə maşın hərəkətinin yasağı və sərhəd keçid məntəqələrinin bağlanması da daxildir. Minlərlə İraq əsgəri və koalisiya qüvvələri ölkə miqyasında keşik çəkəcək.

İraqın Ərəb sünniləri bu gün Bağdadın bir məscidində yığıncaq keçirmişlər. Onlar referendumu boykot etmək, və ya yeni qanuna mənfi səs vermək barədə məsələləri müzakirə etmişlər. Onlar əsas qanunun bir sıra maddələrinə qarşı çıxış edirlər. Sünnilər ölkənin zəngin neft yataqlarından istifadə edə bilməyəcəklərindən narahatdırlar. İraqın neft yataqları əsasən kürdlərin və şiələrin yaşadıqları bölgələrdə yerləşir.

Bu arada Birləşmiş Ştatlar rəsmiləri bildirirlər ki, İraqdakı Amerika hərbi qüvvələri bu yaxınlarda çoxlu silah və sürsat ələ keçirib. Onlar bu həftə İraqın qərbində hərbi əməliyyatlarını artıracaqlar. Bu da gələn şənbə günü keçiriləcək referendum zamanı təhlükəsizliyin təmininə yardım edə bilər. Amerika rəsmiləri bildirirlər ki, İraq seçicilərinin təhlükəsizliyini əsasən İraqın hərbi qüvvələri təmin edəcək. Bu arada Pentaqon İraqdakı hərbi qüvvələrin sayının 138 mindən 152 minə qədər artdığını bildirib.

XS
SM
MD
LG