Accessibility links

İraq strategiyası


İraqdakı müharibə ilə bağlı artan suallarla üzləşən Prezident Buş bu gün yeni strateji plan açıqlayıb. İraqda təhlükəsizliyin tədricən yerli qüvvələrə həvalə olunduğunu bildirən Ağ Ev Amerika əsgərlərinin nə vaxt İraqdan çıxarılacağını dəqiq söyləməyin hələ tez olduğunu bəyan edir. İndiyədək heç bir müharibə cədvələ əsasən udulmayıb, deyə Ağ Evin açıqladığı sənəddə bildirilir. Münaqişə ilə bağlı ciddi tənqidlər və qınaqlarla üzləşən Prezident Buş bu gün hücuma keçərək İraqda Qələbə Üçün Milli Strategioyamız adlı 35 səhifəlik plan açıqlayıb. Planda deyilir ki, artan sayda İraq əsgərləri təlim keçib və təchiz olunub. İraqda demokratiya qurulur, ölkənin iqtisadi infrastrukturu tikilir və oradakı vəziyyət yaxşılaşdıqca Amerikalı həbrçi və mülki vətəndaşların ölkədəki mövcudluğu dəyişəcək. Biz güman edirik ki, İraqda siyasi proses irəliyə doğru hərəkət etdikcə, İraqlı qüvvələrin təcrübəsi genişləndikcə oradakı qoşunlarımızın həcmi də dəyişəcək. Amma bunu öncədən vəd etmək mümkün deyil, deyə sənəddə bildirilir. Bizim hərbi mövcudiyyətimiz daha çox görünməz olsa da, təşkilatlanmağa çalışan düşmənə qarşı ölümcül xarakterini qoruyub saxlayacaq. Bu gündən başlayaraq cənab Buş İraqdakı strategiyanı təbliğ etmək məqsədilə Dekabrın 15-ə qədər bir neçə mühüm çıxışlar edəcək. Həmin tarixdə İraqda uzun-müddətli hökuməti müəyyənləşdirəcək parlament seçkiləri keçiriləcək. İraqda qətlə yetirilən Amerikalı əsgərlərin sayının 2,000-i ötməsi Amerika cəmiyyətində belə bir fikir formalaşdırıb ki, İraq demokratiyasını Amerikalılardan daha çox iraqlıların özləri qorumalıdırlar. Hər halda İraq onların vətənidir. Prezident Buşun hazırda başlıca arqumenti odur ki, İraqlı qüvvələr inkişaf etməkdədir, və onlar artıq ölkənin mühüm hissələrinə nəzarət edirlər. Bu da öz növbəsində Amerika hərbçilərinin üzərinə düşən yükü azaldır və itkilərin sayını endirir. Ağ Ev bildirir ki, İraqda tam qələbə vaxt aparacaq. Administrasiyanın açıqladığı hesabatda bildirilir: Cəmi 3 ilə tamamilə funksioner bir demokratiyanın təşəkkül tapmasını və bu demokratiyanın öz daxili və xarici düşmənlərinə qarşı duruş gətirməsini gözləmək reallıqdan uzaqdır. Burada söhbət onilliklərə qəddar diktatura altında inləyən cəmiyyətdə kəskin fərqlərin və daxili münaqişələrin yoluna qoyulmasından gedir. Rəsmi Vaşinqtonun fikrincə, bu, təbii ki, müəyyən zaman kəsimi tələb edir. Hazırda Amerikanın İraqda məqsədi yeni hökumətə qarşı barışmaz mövqedə dayanan terrorçuları, siyasi prosesə qatılmağa meylli olan narazı qüvvələrdən ayırmaqdır. Amerikanın məqsədi bacaradıqca çox qüvvəni siyasi prosesə cəlb etməkdir ki, ölkənin siyasi həyatını silah yox, seçki qutuları və danışıqlar müəyyən etsin.

XS
SM
MD
LG