Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Luiz Arbor Amerikanın terrorizmlə mübarizə taktikalarını məhbuslarla davranış standartlarına zidd adlandırıb. Xanım Arbor ABŞ-ın gizli məhbəslərə malik olduğu və məhbusların işgəncələrə məruz qala biləcəyi başqa ölkələrə köçürülməsi ilə bağlı mətbuat xəbərlərinin onu narahat etdiyini deyib. Luiz Arbor ABŞ-ın dövlət katibi Kondoliza Raysın Amerikanın ölkə daxili və xaricində qeyri-humanist rəftarı qadağan etdiyinə dair bəyanatını sual altına alıb. Amerikanın BMT-dəki səfiri Con Bolton xanım Arborun çıxışının onu təəssüfləndirdiyini deyərək, onun bəyanatını qeyri-legitim adlandırıb. Con Bolton Luiz Arborun BMT-min İnsan Hüquqları Komissiyasında beynəlxalq islahat cəhdlərinə ciddi ziyan vurduğunu deyib.