Accessibility links

Prezident Buş ABŞ-ın daxili və xarici siyasət prioritetlərini açıqladı


Birləşmiş Ştatlar prezidenti Corc Buş Konqresin birgə iclasında hesabat məruzəsində bu il üçün ABŞ-ın daxili və xarici siyasət sahəsində prioritetlərini açıqlamışdır. Ölkə daxilində büdcə defisitinin mövcudluğu, İraq müharibəsinin qeyri-populyarlığı və prezidentin reytinqinin aşağı səviyyədə olmasına baxmayaraq, Corc Buş Konqresə və Amerika xalqına Amerika Birləşmiş Ştatlarının mövqeyinin güclü olduğunu demişdir.

Prezidentin çıxışı ABŞ-da Corc Buşun mənsub olduğu respublikaçılar partiyasının Konqresə nəzarəti saxlamaq uğrunda mübarizə edəcəyi seçki ilinin əvvəlinə təsadüf edir. Seçkiləri nəzərdə tutan prezident Buş demişdir ki, bu il ölkənin gələcəyi və xarakterini müəyyənləşdirəcək seçim baxımından amerikalılar üçün mühüm bir ildir.

Dördüncü ilə keçən İraq müharibəsindən danışan prezident Buş koalisiya qüvvələrinin təcrübə əldə etdiyini, hərbi taktika hazırladığını və səyləri bərpa işlərinə yönətldiyini qeyd etmişdir.

Xarici siyasət məsələlərinə nitqində geniş yer verən prezident Buş İran hökumətinin ünvanına ağır sözlər işlədərək, demişdir ki, millət “öz xalqını təcrid edib repressiyaya məruz qoyan kiçik qrup, ruhani elitası” tərəfindən idarə edilir.

Daxili siyasət sahəsində prezident Buş əsas prioritetin Amerika iqtisadiyyatında rəqabətin və iqtisadi liderliyin gücləndirilməsindən ibarət olduğunu demişdir. ABŞ prezidenti xarici neft mənbələrindən daha az asılılığıa çağırmışdır.

Prezidentin hesabat məruzəsinə Demokrat Partiyasının ənənəvi cavabını bu il Virciniya ştatının qubernatoru Tim Keyn vermişdir. O, Buş administrasiyasını zəif idarəçilik və firqəçilik siyasəti yeritməkdə ittiham etmişdir. Cənab Keyn demişdir ki, demokratlar səhiyyə xidmətləri, enerji və təhsil sahələrində islahatlar üçün yol açır.

XS
SM
MD
LG