Accessibility links

Müsəlman dünyası ilə Qərb arasında uçurum genişlənir


Məhəmməd peyğəmbərin karikaturalarının çapına etiraz əlaməti olaraq müsəlman dünyasında kütləvi aksiyalar davam etməkdədir. Müsəlman siyasətçiləri və dini liderlər İslam dünyası ilə Qərb arasında olan uçurumun daha da genişləndiyini bəyan edərək, 18 nəfərin ölümü ilə nəticələnən zorakılıqları qınamışlar.

Sentyabr ayında Danimarka qəzetində Məhəmməd peyğəmbərin dərc edilən karikaturaları Avropadan tutmuş Afrikada, Yaxın Şərq və Asiyada etirazlara səbəb olmuşdur. İslama və allaha qarşı təhqir hesab edilən bu karikaturaları dərc edən jurnalistlər bunun söz azadlığına uyğun bir hərəkət olduğunu deyirlər. Karikaturaların birində Məhəmməd peyğəmbər başında əmmamə, əlində bomba, digərində isə özünüintihar vəziyyətində təsvir edilmişdi.

Vaşınqton şəhərində beş mindən çox müsəlmanın ibadət etdiyi müsəlman məscidinin başçısı İmam Məhəmməd Məcid bu məsələni yaxından izlədiyini və karikaturalardakı İslamla terrorizmin əlaqələndirilməsinin böyük qəzəb dalğasına səbəb olduğunu bildirir. O deyir ki, bu karikaturalar İslamın terrorrist və zorakılıq dini olduğuna eyham vurur.

Vaşınqton Metropolunun Dinlərarası Mərkəzinin direktoru, keşiş Klerk Lobenşteyn karikaturaların nəşrini pisləyərək deyir ki, Qərbin söz azadlığına qoyduğu dəyər dünyanın ən iri dinlərindən birini təhqir etməyə əsas verməməlidir.

Birləşmiş Ştatların dövlət katibi Kondaliza Rays deyib ki, o, karikaturaların təhqir olduğunu hesab edir. O, müsəlman liderlərini zorakılıqlara yol açan etirazların qarşısını almağa çağırıb. Birləşmiş Ştatların və Avropanın bəzi liderləri isə İranı və Suriyanı ehtirasları bir qədər də qızışdırmaqda günahlandırır.

Dünya Münasibətləri Mərkəzinin direktoru, ravin Mark Qopin deyib ki, karikaturaların ətrafında yaranmış qalmaqal müsəlmanlarla qərblilər arasındakı ümumi anlaşmaya əngəl törədir.

Qeyd edək ki, son günlərdə Pakistanın Pişəvər şəhərində İslam liderləri karikaturaları dərc edən jurnalisti öldürənə bir milyondan çox dollar verəcəklərini bildiriblər.

Bu arada karikaturaları ilk dəfə çap etmiş Danimarka Cilandz Posten qəzetinin redaktoru bu qərarın Avropada İslamla bağlı məsələlərdə senzuranın getdikcə genişlənməsi ilə izah edib. Onun dediyinə görə, karikaturanın nəşr edilməsində məqsəd müsəlman dünyasında zorakı aksiyalara stimul vermək yox, söz azadlığı prinsipinin başqa dinlər kimi İslama da şamil edilməsinin vacibliyini vurğulamaq olmuşdur.

XS
SM
MD
LG