Bir neçə gün öncə, fevralın 25-də böyük tarixi əhəmiyyət daşıyan bir hadisənin yubileyi tamam oldu. 50 il bundan öncə Sovet dövlətinin başçısı Nikita Xruşovun Kommunist Partiyasının 20-ci qurultayında bağlı qapılar arxasında etdiyi çıxışı ilə Kommunist dünyasının bünövrəsini titrətdi. Uzun müddət haqqında Sovet sakinlərinə məlumat verilməyən nitqdə Xruşov İosif Stalinin bəşəriyyətə qarşı törətdiyi ağır cinayətləri sıravi kommunistlərə açıqladı.
Bir çox sabiq sovet vətəndaşlarının o qədər də böyük diqqət yetirmədiyi bu hadisəyə demokratik Qərbdə münasibət fərqlidir. Qərbli mütəxəssilər Xruşovun başladığı de-stalinizasiya kampniyasını Sovet cəmiyyətinin məruz qaldığı totalitarizm məngənəsinin dağılmasında mühüm addım kimi qiymətləndirirlər. Onların fikrincə cəmiyyətin öz diktatorial keçmişi ilə hesablaşması onun dirçəlməsində və demokratikləşməsində həlledici rol oyanyır.
Nyu York Post qəzetinin baş məqaləsində müəliflər heyəti bildirir ki, Xruşov öz gizli nitqində heç kimin cəsarət etmədiyi bir addım atdı. Stalinin Sovet insanlarına qarşı törətdiyi dəhşətli cinayətləri önə çəkən rəhbər bununla yeni bir eranın əsasını qoydu.
Bir neçə ilə öncə Stalini azacıq da olsa tənqid etmək istənilən Sovet vətəndaşının Sibirə sürgün edilməsinə və ya birbaşa güllələnməsinə yol açardı. Təbii ki, Xruşov Sovet cəmiyyətinin bütün iyrənc elementlərini açıq-ağartmaq məqsədi güdmürdü. Əvvəla Xruşov özü Stalinin cinayətlərində oynadığı rol haqda bir kəlmə də olsun demədi. Bundan əlavə o, Stalinin əməllərinin məhz Sovet sisteminin cinyətkar mahiyyətindən xəbər verdiyini inkar etdi. Nəhayət Xruşovun apardığı siyasətin özü Sovet dövlətinin diktatorial praktikalarını aradan qaldırmadı. Amma bu nitq o vaxtadək Stalinə haqq qanzandıranları və onu müdafiə edənləri düşünməyə vadar etdi. Bu nitq göstərdi ki, Sovet kommunizmini tənqid edənlər haqlıdır.
Xruşovun nitqi Varşava Paktı ölkələrinə də şok dalğası göndərdi. Az sonra Macarıstanda xalq ayağa qalxdı. Sovet İttifaqının özündə dissident hərəkatı təşəkkül tapmağa başladı. Düzdür, islahat ruhunun Sovet istibdadını dağıtması əlavə 35 il vaxt apardı. Lakin sonda Kremlin təsis etdiyi totalitar rejim və onun Berlin Divarı kimi eybəcər fəsadları tarixin arxivinə gömüldü.
Nyu York Postun yazdığına görə Vladimir Putinin hazırda yürütdüyü siyasətdə Stalinizmin şər elementlərinin izləri görünür. Amma inkar etmək olmaz ki, Xruşovun çıxışı əsrlər boyu totalitarizm məngənəsində əzilən Rusiyanın sifətini dəyişdi.
Vaşinqton Post qəzetinin yazarı Anna Applebaum da Xruşovun Rusiya tarixində layiqli yer almadığından gileylənir. Hərçənd ki, bu nitq Xruşovun öz hakimiyyətinin möhkəmlənməsinə xidmət edirdi. Orada səsləndirilən islahatçı elementlər imperiya daxilində böyük bir ümid dalğasına təkan verdi. Təbii ki, Nikita Xruşovun hakimiyyətə gəlməsilə minlərlə günahsız insan ölüm düşərgələrindən qurtuldu. Ədəbiyyatda yeniliklər baş verdi, Stalinin uydurduğu sosialist realizmi janrı aradan götürüldü. Lakin yeni Sovet rəhbəri bu dəyişiklikləri məntiqi sonluğadək çatdırmaqda tərəddüd edirdi. Bəlkə də elə buna görə on il keçməmiş Brejnev və onun ətrafında olan neo-stalinistlər Xruşovu devirdilər və Sovet İttifaqı qismən də olsa əvvəlki idarəçilik üsullarına qayıtdı.
Anne Applebaumun fikrincə cəmiyyətlərin demokratiyaya keçidində Sovet İttifaqının misalını nəzərə almaq mühümdür. Belə ki, diktatorun ölümü və onun bütlərinin dağıdılması heç də diktaturanın sonluğu demək deyildi. Bütün hallarda bu günün Rusiyası 50 il əvvəlki Rusiyadan çox fərqlənir. Lakin o da faktdır ki, demokratiyanın hələ də defisitdə olduğu bu diyarda siyasi transfoirmasiya çox ləng gedir. Bu isə demokratiyanın nəsillərin işi olduğunu və ilk növbədə cəmiyyətin yeni dəyərlərə alışmasının uzun müddət vaxt və ən başlıcası isə siyasi yetkinlik və iradə tələb etdiyindən xəbər verir.