Accessibility links

Bəzz qalasına yürüşün qarşısı alınıb


Bu gün İranda yaşayan azərbaycanlılar Bəzz qalasına yürüş keçirməyə cəhd göstəriblər. Verilən məlumatlara görə, İranın Kəlheybər şəhəri yaxınlığında gərginlik davam etməkdədir. Kəlheybərin yaxınlığında yerləşən Bəzz qalasına yürüşün qarşısını almaq üçün şəhərə giriş və çıxışların bağlı olduğu bildirilir. Şəhərdə mobil rabitə kəsilib və yürüşçülərin mətbuatla əlaqələri olduqca məhduddur. Kəlheybərin giriş-çıxışlarına nəzarəti İranın təhülkəsizlik və polis orqanlarından, eyni zamanda könüllülərdən ibarət silahlı dəstələr həyata keçirir. Artıq keçən gecədən etibarən bu ətrafda bütün avtomobillərin hərəkəti dayandırılıb. Cənubi Azərbaycan milli azadlıq hərəkatı fəallarından biri, Dünya Azərbaycanlıları Konqresinin üzvü Aydın Təbrizoğlu radiomuza müsahibəsində bu saata qədər həbsə alınanların sayının bəlli olmadığı, amma yürüşə cəhdlərin davam etdiyini bildirib. Təbrizli yazıçı, 29-30 may hadisələrindən sonra həbsə alınmış, və bu yaxınlarda azadlığa buraxılmış Mənuçöhr Əzizi isə deyir ki, Bəzz qalasına yürüşün baş tutmadığı təqdirdə nümayişçilərin niyyəti Bəzz qalasının yerləşdiyi yüksəkliyin ətəklərindən Təbriz universitetinə qədər yürüməkdir. Aydın Təbrizoğlu da Təbrizdə nümayişlərin gözlənildiyini deyir. Cənab Əzizi mayın sonunda karikatura qalmaqalı ilə başlayan həbslər dalğasının hələ də davam etdiyini deyir. Ümumilikdə həbs olunanların sayının minlərlə olduğunu bildirən yazıçı bu statistikanı aparmağın olduqca çətin olduğunu da söylədi. Qeyd edək ki, yürüşün keçirilməsinə İran hökumətinin sanksiyası alınmayıb. Cənab Əzizi İran Konstitusiyasına görə, yürüş keçirmək üçün icazənin gərək olmadığını dedi. İranda yaşayan azərbaycanlılar sərbəst toplaşma, əqidə azadlığı və mədəni muxtariyət tələbi ilə son bir ayda bir neçə etiraz aksiyası keçiriblər. Əgər sabah Təbrizdə aksiyalar vüsət alarsa, bu, yeni etiraz dalğasının başlanğıcı olacaq.
XS
SM
MD
LG