İsrail Qəzzə zolağındakı hücumlarını genişləndirərək, tank və buldozerlərdən ibarət texnikanı Qəzza şəhərinin kənarına yerləşdirib.
İsrail rəsmilərinin dediyinə görə, bunlar fələstinlilərin İsrail ərazisinə raket hücumlarının qarşısını almaq və onları əsir götürülmüş əsgəri geri qaytarmağa məcbur etmək üçün edilir.
Bu gün İsrail qoşunları Qəzza zolağının şimalından geri çəkilərək diqqəti cənubda gedən əməliyyatlara cəmləşdirdiyi vaxt, Fələstinin Həmas hökuməti atəşkəs çağırışı ilə çıxış edib.
Bir həftə davam edən döyüşlərdə 40 fələstinlinin və bir İsrail əsgərinin öldürüldüyü bildirilir. Bu gün baş nazir İsmayıl Haniyə Fələstin yaraqlılarını və İsrail qüvvələrini sülhü bərpa etməyə çağırıb. Lakin İsrailin baş naziri Ehud Olmertin ofisindəki rəsmi şəxs bu təklifi qəbul etməyib. O atəşin yalnız israilli çavuş Gilad Şalit azadlığa buraxıldıqdan sonra kəsiləcəyini deyib.
Bu gün Qəzza şəhərinin yaxınlığında İsrail qüvvələri fələstinlilər tərəfindən yəhudi dövlətinə qarşı hücumlar üçün istifadə edilə biləcək tunelləri axtarmaq üçün buldozerlərdən istifadə edib. Şahidlər İsraillilərin hava hücumu zamanı ən azı üç fələstinlinin öldüyünü deyir.