Accessibility links

Əhmədinejad Təbrizlilərin könlünü ələ ala bilməyib


İran polisi Azərbaycan şəhərlərində keçən nümayişləri dağıdarkən həlak olmuş 24 fəalın 40 günlük yas mərasimi yenicə bitdiyi və mədəni hüquqlar uğrunda mübarizə aparan, eləcə də söz azadlığı, demokratik hüquqlar tələb edən yüzlərlə fəalın həbsdə olduğu bir vaxt ölkə prezidenti Mahmud Əhmədinejad Azərbaycan şəhərlərinə səfər edib.

İyunun 11-də Təbrizdə çıxış edən Mahmud Əhmədinecad bu şəhəri "İranın qəlbi və qeyrət paytaxtı" adlandırıb. O, "düşmənlərin İranın üstünə ayaq açdığı indiki zamanda" bütün xalqı birliyə çağırıb. İranın dövlət başçısı eyni zamanda Xiyabanı inqilabını yada salaraq bu hadisələrin "İran tarixində xüsusi yeri" olduğunu bildirib.

Daha sonra Şərq ədəbiyyatının sonuncu böyük korifeyi və klasski Seyid Məhəmmədhüseyn Şəhriyarı yad edən M.Əhmədnejad bu böyük şairi "türkün və farsın böyük ustadı" adlandırıb, M.Şəhriyarın "Heydərbabaya salam" poemasından bir parçanı türk dilində söyləyib. Mitinqə toplaşanlar İranın dövlət başçısının şeri türk dilində deməsini "Azərbaycan, Azərbaycan!", "Yaşasın Azərabycan" nidaları ilə qarşılayıblar.

İranlı jurnalist Səid Muğanlı son zamanlar İran hökumətinin azərbaycanlıların könlünü almaq üçün atdığı addımlar çərçivəsində yol çəkilişinə, dəmir yoluna, eləcə də, yeni iş yerlərinin açılması üçün zavod və fabriklərə kreditlər ayrıldığını, deyib. Onun fikrincə, prezidentin səfəri də İran Azərbaycanlılarını hüquqlarının tapdanmasına baxmayaraq, susmağa sövq etmək məqsədi daşıyır. Lakin Səid Muğanlı azərbaycanlıların mədəni hüquqları bərpa olunmayınca dövlət nümayəndələri ilə münasibətlərin gərgin olacağı qənaətindədir. Çünki ortada günahslız insanların qanı var.

İran hökumətinin president səfərinin yerli camaat tərəfindən alqışlandığı illuziyası yaratmaq cəhdləri haqqında danışan Səid Muğanlı kəndlərdən adamların avtobuslara toplanaraq president mitinqlərinə aparıldığını deyib.

Qeyd edək ki, prezidenti Azərbaycan şəhərlərinə səfəri zamanı müşayiət edən müdafiə naziri Mustafa Məhəmmədnəccarın “Aşura Ləşkəri” adlı 31-ci briqadanın əsgərləri qarşısındakı çıxışı zamanı Azərbaycan xalqınmın mübarizəsi barədə söz açdığı bildirilir. Verilən məlumatlara görə, Mustafa Məhəmmədnəccar deyib ki, Azərbaycanın İrandan ayrılması fikri Azərbaycan xalqına qarşı ən böyük böhtandır. Bu ilk dəfədir ki, İranın Müdafiə Nazirliyi Azərbaycanın İrandan ayrılması məsələsinin ciddiliyini rəsmən dilə gətirir. Qeyd edək ki, Aşura Ləşkəri briqadası azərbaycanılıların Babək qalasına yürüşünün qarşısını almaq üçün Kəlheybər mahalı ətrafına yerləşdirilmiş nizamı qoşun hissələridir.

XS
SM
MD
LG