Tailand rəsmilərinin verdiyi xəbərə görə, son 8 ayda ilk dəfə ölkənin şimalında H5N1 quş qripi virusu peyda olub.
Virus Piçit əyalətindəki quşçuluq fermasında aşkar olunub. Tailand hökuməti bu ay Piçit və digər əyalətlərdə monitorinq keçirib. Virusun iyul ayının sonunadək Tailandın digər bölgələrinə yayılacağı gözlənilir.
Rəsmi məlumatlara əsasən, virusun yayıldığı zonada yüzlərlə toyuq məhv edilib, quşların daşınması qadağan edilib. Ərazidə insanların quş qripinə yoluxması barədə heç bir məlumat verilmir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 2003-cü ildən bəri quş qripindən 130 adam ölüb. Ölənlərin 14-ü Tailandın payına düşür.