Accessibility links

İranda yaşayan milli azlıqlar öz hüquqları uğrunda birgə mübarizə aparmaq əzmindədir


Avqustun 5-də Berlində Azərbaycan Alman akademiklər cəmiyyətinin sədri Əhməd Yəzdaninin təşəbbüsü ilə Alman parlamentinin binasında İranda etnik azlıqların hüquqlarının pozulmasına dair konfrans keçirilib.

Əhməd Yəzdaninin Amerikanın səsinə verdiyi məlumata görə, konfransda İranda yaşayan bütün qeyri-fars millətləri təmsil edən siyasi təşkilatların, eləcə də Almaniyanın siyasi partiyalarının nümayəndələri və bu regionu öyrənən tədqiqatçılar iştirak ediblər.

Konfransda təmsil olunan təşkilatların arasında iki aspektdə fikir ayrılığının olduğunu deyən Əhməd Yəzdani, bununla belə, aparılan fikir mübadiləsinin mövqelərin yaxınlaşmasına xidmət etdiyini deyir. Alimin sözlərinə görə, siyasi cəhətdən fikir ayrılığı istiqlalçılar və federasiya tərəfdarları arasındadır.

Əhməd bəy İranda yaşayan azərbaycan və kürd azlıqlarının Avropadakı nümayəndləri arasında tarixi-coğrafi mübahisələrin də yer aldığını deyib. Bütün mübahisələrə baxmayaraq, Əhməd Yəzdani İranda hüquqlarının tapdandığını bildirən millətlərin birgə mübarizə apararaq bərabərhüquqlu cəmiyyət qurmaq əzmində olduqlarını bildirdi.

Qeyd edək ki, sentyabrın 12-də Bakıda Güney Azərbaycan Beynəlxalq Forumunun keçirilməsi nəzərdə tutulur. Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun təşəbbüsü ilə planlaşdırılan konfransa Güney Azərbaycanın, Qüzey Azərbaycanın, Azərbaycana bağlı Avropa təşkilatlarının dəvət olduğunu deyib. E.Məmmədov bu məsələ ilə bağlı bir sıra qurumlarla məsləhətləşmələr apardığını deyərək problemin müzakirə üçün BMT-nin və ATƏT-in gündəliyinə daxil ediləcəyini bildirib.

XS
SM
MD
LG