Accessibility links

İran:  Siyasi məhbusların ailələri ehtiyac içindədir


İran Azərbaycanında həbsdə olan siyasi fəalların ailələri ehtiyac içindədir. Bu barədə Amerikanın səsinə hüquq müdafiəçisi Faxtə Zamani xəbər verib. Onun sözlərinə görə, İran rejimi həm iqtisadi sanksiyalardan basqı vasitəsi kimi istifadə edir, həm də həbsdə olanların azadlığı üçün çox böyük zəmanət haqqı təyin edərək onların azadlığa buraxılmasına mane olmaq istəyir.

Faxtə Zamaninin sözlərinə görə, İran Azərbaycanlılarının qəhrəman kimi tanıdığı, həbsdə olduğu müddət ərzində aclıq aksiyası keçirərək səhhətinə ciddi ziyan vuran Abbas Leysaninin ailəsinə qarşı çox ağır iqtisadi cəzalar tətbiq olunub. Belə ki, Leysaninin dükanı bağlanıb, onun şərikinə həmin dükanı işlətmək qadağan olunub, onlara yardım göstərənlərə də hədə-qorxu gəlinir. Cənab Leysaninin məhkəməsinin sabah keçiriləcəyi gözlənilir.

Bu günlərdə vəkil Saleh Kamraninin də məhkəməsi olacaq. Qeyd edək ki, Saleh Kamraninin azad olunması üçün 60 min dollar məbləğində zəmant haqqı hələ İyulun əvvəlində müəyyən edilmişdi. Həmin məbləğ, adətən müəyyən edilən zəmanət məbləğindən 10 dəfə artıqdır. Lakin ailəsinin həmin məbləği təqdim etmək əzmində olduğunu biləndən sonra rejim cənab Kamraninin həbs müddətini uzatmış və zəmanət hüququnu almışdı.

Xanım Zamaninin sözlərinə görə, azərbaycanlıların mədəni-sosial hüquqlarını tələb edən fəalların bir qisminin şəxsi biznesləri bağlanır, digərlərini isə işə götürmür, və siyasi fəaliyyətlərinə görə işdən çıxarırlar. Xatırladaq ki, Azərbaycanlı fəal Həsən Raşidi həbsə atılandan sonra onu vəzifəsinə başqa adam işə götürülüb.

Faxtə Zamaninin sözlərinə görə, məhbus ailələrinə yardım etməyə də hər adamın cəsarəti çatmır. Hüquq müdafiəçiləri və qeyri hökumət təşkilatları da məhbus ailələrinə yardım göstərə bilmirlər. Çünki kənardan yardım alan adamlara casus damğası vurulur.

Xanım Zamaninin sözlərinə görə, hətta xaricdəki qohumlarından belə yardım ala bilməyən ailələr ehtiyac içində yaşayır.

Faxtə Zamani, həm məhbəsdə olan ailə başçısının xiffətinə, həm də ehtiyac və təhdidlərə cəsarətlə sinə gərən ailələrin mənəvi dəstəyə də ehtiyacı olduğunu dedi.

XS
SM
MD
LG