İndoneziyada təriqətlərarası zəmində baş verən zorakılıqlara qarşı etiraz edən yüzlərlə insan mağazalara və hökumət idarələrinə hücum etmişlər. Hadisə zamanı dörd nəfərin yaralandığı bildirilir.
İndoneziyanın Sulavesi vilayətində bu gün səhər polis tərəfindən üç xristian edam edilmişdir. 2000-ci ildə Sulavesi vilayətinin Poso məntəqəsində müsəlmanlara qarşı zorakılıq aksiyalarında Fabianus Tibo, Marinus Rivu və Dominikus da Silva günahkar biliniblər. Onların qətli barədə verilən qərar Sulavesidə zorakılıqlarla müşaiyət olunan etiraz nümayişlərinə səbəb olub.
İndoneziyanın şimalında, ölüm cəzasına məhkum edilənlərin yaşadıqları yerin yaxınlığında yığışan qəzəbli xristianlar hökumət binalarına, eləcə də həbsxanaya hücum edərək azı 190 nəfər dustağın qaçmasına şərait yaratmışlar. Hökumət rəsmiləri və yerli liderlər izdihamı sakitliyə çağırmışlar.
Mərkəzi Sulavesinin Kilsələr Assambleyasının başçısı Rinaldi Damanik Posoda üsyançılardan çoxunun artıq evlərinə qayıtdığını, lakin məhkəmənin ölüm cəzası qərarına qarşı qəzəbli olduqlarını deyir.
Xatırladaq ki, 1998-ci ildən 2002-ci ilə qədər Sulavesidə müsəlmanlar və xristianlar arasında din zəminində baş verən zorakılıqlar nəticəsində hər iki tərəfdən mindən çox insan qətlə yetirilib.