Accessibility links

Iranda azərbaycanlıları nəyə görə həbs edirlər?


Azərbaycanlı fəal Mehdi Babayi Əcəbşirə İranın Təbriz şəhər İnqilab məhkəməsi tərəfindən verilmiş hökm bu ölkədə insanların nəyə görə həbsə atıldığının bariz nümunəsidir.

Təbriz 1-ci İnqilab məhkəməsinin hakimi Əli Ələkbəri tərəfindən verilən 1052 nömrəli məhkəmə hökmündə deyilir ki, müttəhim Məhəmməd sadiq oğlu Mehdi Babayi Əcəbşirə ölkənin təhlükəsizliyinə zərbə vurmaq məqsədilə qanunsuz təşkilatlara üzvlük ittihamı irəli sürülüb.

Hökmə əsasən, bu ittihamın irəli sürülməsinə Mehdi Babayinin aşağıdakı hərəkətləri səbəb olub: "Mehdi Babayi Türk (azərbaycan) qəzet və kitabları oxuduğuna görə millətçi dairələrin təsiri altına düşüb, Təbrizdəki Azad İslam Universitetində oxuduğu vaxt turk dili kurslarına gedib, Babək Qalasında toplaşmalarda iştirak edib, 2005-ci ildə dilçi alim Məhəmmədəli Fərzanənin dəfn mərasimində iştirak edib".

Daha sonra hökmdə deyilir: "Universitetdə oxuduğu vaxt müttəhimin əsasən ünsiyyəti əvvəllər məhkum olunmuş tələbə fəallar və tələbə təşkilatları ilə olub. Bu şəxs həmçinin İranın 7-ci parlament seçkiləri zamanı öz tələbə yoldaşları ilə bərabər Nəqədeh şəhərində özlərinin istədiyi millətçi namizədə səs verərkən saxlanılıb.

İran qəzetində 2006- cı ilin Mayında çıxan məqalələrdən sonra Mehdi Babayi öz xanımı ilə bərabər Armane Daneşcui və Əncuməne Vəhdəte Eslami adlı tələbə təşkilatlarının keçirdiyi etiraz aksiyalarında iştirak edib. Mehdi Babayi həmçinin Urmiyə kimi digər əyalətlərdə öxşar qruplarla əlaqə qurub. O, Babək qalasında toplaşmanı təşkil etmək üçün digər qruplarla əlaqəyə girib.

Babayi Güney Azərbaycan Milli Oyanış Hərəkatına electron poçtu ilə məktublar göndərib. Onun öz sözlərinə görə, o, müstəqillik bayrağının qaldırılması ilə əlaqədar GAMOH-un təşəbbüsünə etiraz edib. Bundan əlavə, o, İnternet vasitəsilə millətçi veb səhifələrə baxıb. O hətta bu cür saytlardan bəzi materialları öz dostlarına göndərib.

Yuxarıdakı iddiaları, məlumatları və faktları, eləcə də bu iddialarla bağlı onun etiraflarını nəzərə alaraq məhkəmə onun günahını sübut olunmuş sayır. Bununla da İslam Cinayət Məcəlləsinin 499cu maddəsinə uyğun olaraq, Mehdi Babayi indiyə kimi çəkdiyi həbs müddəti çıxılmaq şərtilə 6 ay həbsə məhkum olunur.

Hökmün verildiyi tarixdən sonrakı 20 gün müddətində müttəhimin Şərqi Azərbaycan Əyaləti Apellyasiya məhkəməsinə müraciət etmək hüququ var".

Mən Avqust ayının 31 də oxunan bu hökmün surətini bizə göndərən Azərbaycan hüquq müdafiəçilərinə minnətdarlığıml bildirirəm. Belə ki, hökmdən də göründüyü kimi, internetdən istifadə və məlumatların bölüşülməsi İran İslam Respublikasında həbs cəzası ilə nəticələnir.

XS
SM
MD
LG