Accessibility links

Amnesty İnternational İran Azərbaycanında son repressiyalar barədə bəyanat yayıb


Beynəxlaq insan hüquqları təşkilatı-Amnesty İnternational İranda söz azadlığı və azad toplaşma hüquqlarından istifadə edən insan hüquqları müdafiəçilərinin həbsi ilə bağlı dərin narahatlığını bildirir. Son günlər həbs edilənlər arasında iranlı azərbaycalılar da var. Amnesty İnternational bəyanatında İranın səlahiyyətli nümayəndələrindən saxlanılanların dərhal azadlığa buraxılmasını tələb edib. Son günlər Mehr ayının biri, yəni yeni tədris ilinin başlanğıcı olan sentyabrın 23-ü tələbələri boykota səsləyən Azərbaycan icmasının 15 üzvü həbs edilib. Boykot və nümayiş çağırışı ilə vərəqələrə malik olduğu üçün sentyabr ayının 9-da Əsədulla Səlimi nəzarət altına alınmışdır. Saxlanılanlar arasında cari ayın 14-də həbs edilən İsgəndər Mirzəyi və Mehdi Vahidi, bir gün sonra may ayı nümayişləri zamanı həbs edilib daha sonra azad edilən Əli Sadiq Beyrək de var. Amnesty İnternationalın bəyanatında deyilir ki, may ayı nümayişlərinin digər iştirakçıları da nəzarət altına alınmışdı. Sənəddə Çingiz Baxtəvər, Qulamrza Emani, Həsən Ərkin də adları çəkilir. Sentyabr ayının 11-də Təbrizdə Əvəzpur ailəsindən 3 qardaş-Mustafa, Murtuza və 14 yaşlı Rza nəzarət altına alınıb. Sentyabrın 23-ü Urmiyyədə həbs edilən Firudin Mehdipur və Məhəmməd Hüseyn Purqurbanın saxlandığı yer qeyri-müəyyəndir. Bu ayın 21-də qadınların hüquqlarının müdafiəsi çağırışı ilə Tehranda təşkil edilən aksiyalardan sonra həbsdə olan Əli Əkbər Musəvi Xoiyə atasının ölümünün 40-cı günü mərasimində iştirak etməsinə icazə verilmişdir. Deyilənlərə görə, o, gərgin təzyiqlər altında olduğunu və gündə 5 dəfə sorğu-suala çəkildiyini bildirib. Əli Əkbər Musəvi Xoi bundan əlavə fiziki və mənəvi təzyiqlər altında olduğunu da deyib. Hesabatda onun əlləri qandallı yatdığı, gecə ərzində bir neçə dəfə oyandıldığı deyilir. Keçmiş tələbə hərəkatı lideri İran parlamentinin Məşvərət Şurasının sabiq üzvü Əli Əkbər Musəvi Xoi həm də 2000-ci ildə təsisinə yardım etdiyi Məzun təşkilatına başçılıq edirdi. Parlamentə üzvlüyü dövründə o, siyasi məhbuslar və həbsdə olan tələbələrinin hüquqlarını müdafiə edirdi. Amnesty İnternational bundan əlavə nəzarət altında olanların işgəncələrə məruz qaldığından da narahatlığını bildirir. Təşkilat bir daha İranın səlahiyyətli nümayəndələrinə müraciət edərək, Əli Əkbər Musəvi Xoinin dərhal azadlığa buraxılmasına çağırıb. Kanadalı hüquq müdafiəçisi Faxtə Zəmanının bizə verdiyi məlumata görə, sentyabrın 26-da iyun ayından həbsə olan Cənubi Azərbaycan milli hərəkat liderlərindən biri Abbas Lisani azadlığa buraxılıb.
XS
SM
MD
LG