Accessibility links

Karikatura qalmaqalını yaradan "İran" qəzeti yenidən nəşr olunmağa başlayıb


May ayının 12-də azərbaycanlıları dil anlamayan tarakan kimi təsvir edən karikaturası ilə ölkəboyu iğtişaşlara səbəb olan rəsmi "İran" qəzeti şənbə günü yenidən dərc olunmağa başlayıb.

“İran xalqına salam” başlığı ilə çıxan qəzetin baş yazısı mədəniyyət naziri Hüseyn Səfər Hərəndi və hökumətin sözçüsü Qulamhüseyn elhamın redaksiyanı ziyarət etməsi barədə olub. QulamHüseyn Elham deyib ki, İran qəzeti İranda ədaləti yaymalı və bütün iranlılara xidmət etməlidir.

“Jurnalistika yarğanın qırağında rəqs etmək kimi bir şeydir. Və bu sənət həm sürət, həm keyfiyyət tələb edir. Əgər onlardan biri qurban verilsə, jurnalist buna gprə məsuliyyət daşımalıdır“ Bu sözləri qəzetin redaktor məqaləsində mədəniyyət naziri Huseyn Səfər Hərəndi yazıb.

Azərbaycanlılar arasında qəzetin yenidən işıq üzü görməsi birmənalı qarşılanmayıb. Yarpaq qəzetinin yazarı Tehranlı jurnalist Səid Muğanlının sözlərinə görə, qəzetin nəşrini bərpa etməsi May şəhidlərinin ailələrinin yarasının qaysağını qoparıb.

Digər tərəfdən Səid Muğanlı heç bir qəzetin bağlanmasını arzulamadığını deyir. Tehranlı jurnalistin sözlərinə görə, əslində qəzeti May ayında bağlamaqla İran hpkuməti bu nüfuzlu nəşri Xatəmi tərəfdarları olan islahatçıların təsiri altından çıxarmağa nail olub.

Sentyabrda yenidən nəşrinə qərar verilən İran qəzetinin yeni baş redaktoru da sərt xətt tərəfdarlarından biri Kaveh Eştehardidir. Maraqlıdır ki, bu təyinatı qəzetin təsisçisi olan rəsmi İRNA agentliyi deyil, mədəniyyət naziri şəxsən edib.

Qəzet bağlandıqdan sonra başıbəlalı karikaturanın müəllifləri həbs olunsa da, sonra azadlığa buraxılmışdılar. Səid Muğanlının sözlərinə görə, haqlarında heç bir məhkəmə qərarı çıxarılmayan rəssam və məsul katib müəmmalı şəkildə Avropaya mühacirət ediblər. Qəzetin baş direktoru Qulamhüseyn İslamifərə isə məhkəmə bəraət verib.

Bu arada doktor Cavad Heyətin nəşr etdirdiyi "Varlıq" jurnalının yazarlarından biri Əkbər Azad da dünən həbs edilərək Əhər zindanına aparılıb. Həbs olunmuş digər bir jurnalist Reza Abbasinin taleyi isə hələ də naməlum olaraq qalır.

Reportajı tam şəkildə audio-formatda dinləyin

XS
SM
MD
LG