Accessibility links

"İran Azərbaycanına pəncərə" proqramının həftəlik xəbərlər icmalı


İlham Əliyev Avropa Birliyində İran azərbaycanlılarının hüquqları haqda danışıb

Noyabrın 7-də Brüsseldə Avropa Birliyi rəsmiləri ilə görüşən Azərbaycan prezidenti İlham Əliyev İran azərbaycanlılarının problemləri haqqında danışıb. Azadlıq radiosunun müxbiri Ahto Lobjakasın Brüsseldən reportajında deyilir ki, İlham Əliyevlə görüş zamanı Avropa rəsmiləri Tehranın nüvə ambisiyalarını müzakirə edib. Əliyev isə Avropa rəsmilərinə Bakının 30 milyon azərbaycanlının İranda öz dilində oxuyub yazmaq imkanının olmamasından narahat olduğunu bildirib.

Beynəlxalq Amnistiya Abbas Lisanini vicdan məhbusu elan edib

Bu həftə Beynəlxalq Amnistiya təşkilatı İranda yenidən həbs olunmuş azərbaycanlı lider Abbas Lisaninin həbsinə dair təcili tədbir kampaniyasına başlayıb. Sənəddə deyilir ki, "sentyabrın 26-da zəmanət vəsiqəsi ilə azadlığa buraxılan Abbas Lisani oktyabrın 31-də heç bir xəbərdarlıq olmadan, iran qanunlarının pozulması şəraitində həbs olunub. Abbas Lisaniyə İran Azərbaycanlılarının dinc aksiyaları və toplantılarında iştiraka görə bir neçə hökm oxunub. Beynəlxalq Amnistiya cənab Lisaninin söz və toplaşma azadlığını icra etməsinə görə həbsdə saxlanılan vicdan məhbusu olduğuna inanır”.

İsveç parlamentarı oz hökumətindən İran azərbaycanlılarının hüquqları üçün səylər tələb edir

Bu həftə İsveç parlamentinin üzvü Hans Lindel İsveçdəki Azərbaycan Gəncklər Federasiyası tərəfindən tərtib olunmuş qətnamə layihəsini parlamentin müzakirəsinə təqdim edib. Qətnamədə İsveç hökumətinə Avropa Birliyi və BMT-də İran Azərbaycanlılarının öz ana dillrəində təhsil almaq, Azərbaycan tarixini tədqiq etmək və öyrənmək, söz və sərbəst toplaşma azadlığını icra etmək hüququnun tanınması, azərbaycan dilinin iranda rəsmi azlıq dilinə çevrilməsi üçün səylər göstərilməsi tövsiyyə edilir. Federasiyanın rəhbəri Nərgiz Nedainin sözlərinə görə, əgər bu sənəd parlamentdə səsvermədən keçərsə, İran Azərbaycanlılarının hüquqları məsələsi İsveç xarici siyasətində öz yerini tapacaq.

Təbriz qeyri-qanuni məskunlaşmışların sayına görə liderdir

«İRNA» xəbər verir ki, qeyri-qanuni tikililərdə məskunlaşmış şəxslərin şəhər əhalisinə ən böyük nisbəti Təbriz şəhərindədir. Bunun səbəbi olaraq kəndlilərin şəhərə axınının güclənməsi göstərilir. Təbrizin meri Əlirza Növinin sözlərinə görə, əgər 1979-cu ilədək Şərqi Azərbaycan vilayətinin şəhər əhalisi 35 faiz təşkil edirdisə, indi bu rəqəm 65%-ədək yüksəlib. «İRNA» xəbər agentliyi Təbriz şəhərinin 1.6 milyon əhalisinin dörddə birinin qeyri-qanuni şəkildə tikilmiş evlərdə yaşadığını bildirib.

Ərdəbildə zəlzələ Xalxal mahalına 3 milyon dollar ziyan vurub

Noyabrın 7-də Ərdəbildə zəlzələ baş verib. Zəlzələnin təkcə Xalxal mahalına vurduğu ziyan 3 milyon ABŞ dolları həcmində qiymətləndirilir. 3.4 bal gücündə olan zəlzələ insan tələfatına səbəb olmayıb.

XS
SM
MD
LG