Accessibility links

GUAM Xarici işlər Nazirləri Qarabağda referenduma etiraz edir


Bu gün açıqlanan bəyanatında GUAM Xarici İşlər Nazirləri Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda 2006-cı il dekabrın 10-da nəzərdə tutulmuş qondarma “konstitusion referendum”un keçiriləcəyi ilə əlaqədar öz ciddi narahatlığını bildirib. Bu arada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda danışıqlar masasında olduğu bildirilən referendum ideyasına ictimai münasibət də birmənalı deyil.

"GUAM Xarici işlər nazirləri Şurası xüsusi olaraq qeyd edir ki, qondarma “referendum”un keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə yanaşı, beynəlxalq hüququn müvafiq norma və prinsiplərini pozur və məhz bu səbəbdən onun heç bir hüquqi effekti olmayacaq və nəticələri qüvvəsiz hesab ediləcəkdir". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda bildirilir.

Nazirlər vurğulayırlar ki, qondarma “referendum” davam edən sülh prosesinə mane olur və regiondakı fait accompli (baş vermiş faktlar – hüq.) vəziyyətini yaradaraq beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi ilə təşkil edilir.

GUAM Xarici İşlər Nazirləri Şurası ATƏT-in üzv ölkələrini və digər beynəlxalq təşkilatları bu kimi qeyri-qanuni aktı pisləməyə və Azərbaycanın ərazi bütövlüyü əsasında və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinin tapılmasına yönəlmiş davam edən səyləri dəstəkləməyə çağırır.

GUAM Şurası xüsusi olaraq bildirir ki, bu kimi addım ümumbəşəri demokratiya standartları və dəyərləri, qanunun aliliyi və insan hüquqları ilə ziddiyyət təşkil edir. Şuranın fikrincə, Dağlıq Qarabağ regionu əhalisinin özünü idarəetmə haqqında hər hansı konstitusion sənəd yalnız regionun erməni və azərbaycanlı icmalarından ibarət bütöv əhalisinin tam, bərabər və birbaşa iştirak edə biləcəyi, qanuni, demokratik və sülh prosesi vasitəsilə həyata keçirilə bilər.

Bu arada Azərbaycan və Ermənistan mediasında yayılan xəbərlərdə hər iki tərəfi razı salan formatda referendumun keçirilməsi məsələsinin hal-hazırda iki ölkə prezidentinin danışıqlar masasında olduğu qeyd edilir. Siyasi təhlilçi İlqar Məmmədov isə referendum məsələsi ilə bağlı Azərbaycan tərəfini tam razı salacaq konsepsiyanın olmadığı qənaətindədir.

O ki qaldı prezidentlər arasındakı danışıqlara, onların məzmunu ictimaiyyət üçün qaranlıq qaldığından, mövqelər də qeyri-müəyyəndir.

İlqar Məmmədov əgər referendum ideyası ilə bağlı razılığa gəlinəcəyi təqdirdə Azərbaycanda daxili etirazın siyasi böhrana gətirib çıxaracağını deyir.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG