Accessibility links

Amerikada mediaya kim sahiblik edir?


Bir yerli yayım şəbəkəsi istisna olmaqla ABŞ mediası özəldir və bu, həmişə belə olub. Bununla belə, son onilliklərdə media sahibliyi ideyası dəyişikliyə uğrayıb. Hər il daha çox media vasitəsi bir neçə böyük media korporasiyasının əlində cəmləşir. Onların bəziləri birləşərək daha iri qurumlar yaradırlar. Amerikanın səsi mətbuata sahibliyin xəbərlərə təsirinə nəzər salır:

İnsanların etibar etdiyi media vasitələrinə kimin sahiblik etməsinin fərqi varmı? Vaşinqtonlu Ceff Boninin fikrincə, var: "Bu, bizim oxuduğumuz məqalələrin məzmununa çalar verir. Məsələn, bəzi hallarda məqalə neytral olur, bəızi hallarda sağyönümlülük özünü biruzə verir".

Başqa amerikalılar xəbərlərdə sol yönümlü çalarları görürlər.

Əlli il öncə bir çox amerika qəzetləri və şəhər TV stansiyaları yerlilərə məxsus idi. Vaşinqtonda yerləşən Narahat Jurnalistlər Komitəsindən Cefri Dvorkinin fikrincə, artıq bu, belə deyil: "Bu ölkədə indi xəbər mediasının əksəriyyəti 5 korporasiyada cəmləşib. Və onlar öz səhmdarlarına daha çox gəlir gətirmək üçün böyük təzyiq altında işləyirlər".

Virciniyada yerləşən Gannett şirkətinə Birləşmiş Ştatlarda 98 qəzet və 18 televiziya stansiyası məxsusdur. Texasın San Antonio şəhərində yerləşən Clear Chanel Communications isə 39 telekanala və 700-dən artıq radiokanala sahiblik edir ki, onların bəziləri yerli bazarlarda bir-biri ilə rəqabət aparır.

Dvorkin deyir ki, xəbər biznesi də başqaları kimi gəlir gətirmək üçündür. Lakin o, onu da deyir ki, xəbər mediasının özəllikləri və demokratik sistemdə spesifik məsuliyyəti var: "Jurnalistikanın vətəndaşları məlumatlandırmaq və öz icmalarının, ölkələrinin, dünyanın bir parçası olaraq onları narahat edən məsələlər barədə xəbərdar olmalarını təmin etmək vəzifəsi var ki, insanlar şüurlu seçim edə bilsinlər".

Vaşinqton Post qəzetinin vitse prezidenti Ben Bredlinin fikrincə, mediaya kimin sahiblik etməsi ilə bağlı narahatlıq şişirdilir: "Vaşinqton Post şirkətinin eyni adlı qəzetə, yaxud Everettdə dərc olunan qəzetə, yaxud Nyusuik jurnalına sahib olması jurnalistikanın müstəqilliyinə təhlükə deyil"

Bredli deyir ki, o, 1940-cı illərdə bu biznesə ayaq basdığı vaxtla müqayisədə media vasitələrinin sayı xeyli artıb. Son illərdə xüsusi jurnalların, kabel telekanallarının, internet informasiya səhifələrinin bumu baş verir. Amma bredli əlavə edir ki, qəzetlərin sayı azalır. Ölkə boyu bir çox qəzetlər gəlir gətirmədiyi üçün bağlanıb. Bredli:

"Biznes sərfəli olmalıdır. Əgər siz ildə bir milyon dollar itirirsinizsə, necə ki, Vaşinqton Post 20 ildən artıq belə işləyib, onda siz varlı bir adamın - sahibin sayəsində işi davam etdirə bilirsiniz. Məncə, Vaşinqton Post pul qazanmağa başlayandan bəri daha yaxşı qəzetə çevrilib".

Təmərküzləşmə xəbər sənayesində gəlirlərin artmasına səbəb olsa da, onun jurnalistikanın keyfiyyətinə təsiri mübahisə poredmetidir. Narahat jurnalistlər Komitəsindən Cefri Dvorkin:

"Sizin televiziya və radioda seçiminizin olduğu illüziyası yaradılır. Amma indi əvvəlkinə nisbətən müstəqil jurnalistika ilə məşöul olan müstəqil medianın sayı daha azdır".

Başqa təhlilçilər qeyd edir ki, xəbərlər büdcəsinin ixtisarı bir çox təşkilatlıarın xarici xəbərlərin işıqlandırılmasını azaltmasına gətirib çıxarıb ki, bu da amerikalıların beynəlxalq məsələlər barədə dolğun xəbərlər almasını çətinləşdirib.

Amerikanın səsi Birləşmiş Ştatlar hölkuməti tərəfindən maliyyələşdirilir və yalnız ABŞ-dan kənarda yayımlana bilər. Lakin digər ölkələrdə hökumətin nəzarəti altında olan media adi bir haldır. Vaşinqtondakı Brukinqs İnstitutundan hökumətləri tədqiq edən expert Stephen Hess belə deyir:

"Dünyanın bir çox ölkəsində böyük televə radiokanallar birbaşa və ya dolayısı ilə hökumətə məxsusdur. Bəzi hallarda hökumət qəzetləri subsidiya edir. Qəzetlər siyasi partiyanın orqanı ola bilər. Odur ki, Amerikanın əsas mediasını bazarın məhsulu adlandırmaq olar".

Sahibinin kim olmasından asılı olmayaraq, Amerika jurnalistləri üçün xəbərlərin dəqiq və qərəzsiz olması bir standartdır.

XS
SM
MD
LG