Accessibility links

ABŞ Dövlət Departamenti: Səddam Hüseynin  nə zaman edam ediləcəyi bilinmir


İraqın Baş Naziri Nuri Əl Maliki deyir ki, kim Səddam Hüseynin edam hökmünə qarşı çıxış edirsə, o, Səddam Hüseynin qurbanlarının xatirəsinə hörmətsizlik edir. Səddamın vəkilləri isə bildirirlər ki, Birləşmiş Ştatların hərbi rəsmiləri onlara Səddam Hüseynin şəxsi əşyalarını götürməyi tapşırıblar və onun edamı bir neçə gün ərzində yerinə yetiriləcək.

Səddamın baş vəkili Xəlil Əl Dulaymi isə deyib ki, Səddamın nə zaman dardan asılması barədə ona məlumat verilməyib. Onlar İraqın keçmiş liderinin İraq hökumətinin nəzarətindəki həbsxanaya gətirildiyini deyiblər. İraq rəsmiləri isə Səddamın Birləşmiş Ştatların həbsxanasında saxlandığını bildiriblər. ABŞ Dövlət Departamentinin sözçüsü də bildirib ki, Səddam Hüseyn başqa həbsxanaya aparılmayıb və onun nə zaman edam ediləcəyi bilinmir.

Nyu York Times qəzeti Səddamın şənbə günü edam ediləcəyi barədə məlumat yayıb. Amerikanın CBS və NBC televiziya şəbəkələri isə bildiriblər ki, bazar günü Saddamın edamı yerinə yetiriləcək. Birləşmiş Ştatların rəsmiləri bu məlumatları təsdiq edə bilməyəcəklərini bildiriblər.

Keçən Çərşənbə axşamı İraqın Apellyasiya məhkəməsi Səddamın 1982-ci ildə 148 Şiənin qətliylə bağlı olaraq edam edilməsi barədə məhkəmənin çıxartdığı hökmü təsdiq edib.

XS
SM
MD
LG