Accessibility links

ABŞ İrana qarşı təzyiqlərin artırılmasına çağırır


Birləşmiş Ştatların yüksək səviyyəli diplomatı deyib ki, beynəlxalq ictimaiyyət İranın nüvə silahı inkişaf etdirmək cəhdlərinə qarşı təzyiqləri daha da artırmalıdır. İsrailin Herziliya şəhərində keçirilən beynəlxalq konfransda çıxış edən ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Nikolas Börns BMT Təhlükəsizlik Şurasının İrana qarşı bu yaxınlarda tətbiq etdiyi sanksiyaların beynəlxalq ictimaiyyətin İranın nüvə silahı istehsalının dayandırılması sahəsində atdığı ilk addım olduğunu bildirib.

Cənab Börns deyib ki, Birləşmiş Ştatlar Rusiya və Çini İrana silah satışını dayandırmağa təşviq edir. Birləşmiş Ştatlar eləcə də Avropa Birliyinin İrana kreditlər ayırması və İran dövlətinin banklarına borc verən beynəlxalq təsisatların fəaliyyətinin dayandırılmasına çalışır-deyə o bildirib. Nikolas Börns deyib ki, İran hökuməti bu vəsaiti terrorizmin maliyyələşdirilməsinə sərf edir.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası keçən ay uranın zənginləşdirilməsi və raket proqramının dayandırılmasına, əgər həqiqətən də İran mülki məqsədlərlə nüvə enerjisi əldə etmək istəyirsə ona yardım edilməsi təklifləri ilə razı olmadığına görə, İrana qarşı sanksiyalar tətbiq edib.

Birləşmiş Ştatlar və Avropa Birliyi İranın nüvə silahı proqramını inkişaf etdirdiyini desə də, İran rəsmiləri bu ittihamları rədd edir.

XS
SM
MD
LG