Çərşənbə günü ABŞ Dövlət departamenti Azərbaycanlı İran dissidenti Abbas Lisaninin aclıq aksiyası ilə bağlı münasibətini açıqlayıb.
Dövlət Departamentinin sözçüsü Şon Makkormak tərəfindən gündəlik brifinqdə səsləndirilən bəyanatda deyilir ki, Birləşmiş Ştatlar İran rejimini öz vətəndaşlarına sistematik repressiyaları dayandırmağa, bütün İranlıların hüquqlarına hörmət etməyə və özlərinin söz, mətbuat toplaşma etiqad və əmək hüquqları uğrunda fəaliyyətinə görə həbs olunanları azad etməyə çağırıb. Cənab Makkormak deyib ki, həmin adamlara cənab Abbas Lisani də daxil edilə bilər.
Dövlət Departamentinin bəyanatında bildirilr ki,rejim məktəblərdə azərbaycan dilini qadağan edir, Azərbaycan fəallarını təqiblərə məruz qoyur və cənab Lisani kimi öz mədəni və dil hüquqlarını müdafiə edən şəxsləri ədalətsiz olaraq həbsə atır. Şon Makkormak 2006-cı ilin Mayında təhqir edici karikaturanın çap olunmasından sonra dinc etiraz aksiyaları təşkil edən azərbaycanlıların təqiblərə və həbslərə məruz qoyduğunu deyib.
Amerikanın səsinin sualına cavab olaraq bəyanatı səsləndirən cənab Makkormak rejimin İrandakı azlıqlara davamlı təqiblərini pisləyib:
“Biz rejimin İranda azərilər, kürdlər, bəhailər və ərəblər də daxil olmaqla dini və milli azlıqların davamlı təqibindən dərin narahatlıq keçiririk. Rejimin repressiyaları dini azlıqları, tələbələri, qadınları, həmkarlar təşkilatlarını, jurnalistləri və tədqiqatçıları hədəf alır. Biz Birləşmiş Millətlər Təşkilatı və xarici dövlətlər və beynəlxalq qeyri hökumət təşkilatları vasitəsilə İranda əhaliyə qarşı olan təqiblərə son qoyulması və burada insan hüququları ilə bağlı acınacaqlı vəziyyətin düzəlməsi üçün İran rejiminə təzyiq göstərilməsi istiqamətində beynəlxalq ictimaiyyətlə işləyirik”.