Vaşinqtondan Baxış rubrikasında Birləşmiş Ştatlar hökumətinin siyasətinin izahını təqdim edirik
Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Şon Makkormak deyir ki, ABŞ İran hökumətinin azlıqda olan etnik və dini qruplara, o cümlədən, azərilərə, kürdlərə, bəhailərə, etnik ərəblərə və başqalarına davamlı təzyiqlərindən narahatdır. Makkormak deyir ki, İran azərbaycanlıları, o cümlədən həbs olunmuş fəal Abbas Lisani və başqaları təzyiqlərdən əziyyət çəkir:
“Rejim məktəblərdə azərbaycan dilini qadağan edib, azərbaycanlı fəalları təqib edir, və cənab Lisani kimi öz mədəni və dil hüquqlarını tələb edənləri qanunsuz olaraq həbs edir. May ayında təhqiredici karikaturanın çapından sonra dinc etiraz nümayişləri təşkil edənlər döyülüb, təqib və həbs olunublar.”
Abbas Lisani Ərdəbil məhbəsində oktyabr ayından bəri saxlanılır. İnsan hüquqları ilə məşğul olan qruplar bildirir ki, İran rəsmiləri tərəfindən tətbiq olunan işgəncə və pis rəftarın, eləcə də bu yaxınlarda keçirdiyi aclıq aksiyasının nəticəsi olaraq cənab Lisaninin sağlıq durumu ağırdır.
Azərbaycanlı siyasi məhbusları müdafiə assosiasiyasının direktoru Faxtə Zamani bildirir ki, həbsxana rəhbərliyi “cənab Lisaninin təcili tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, onu həkim yardımı ilə təmin etməkdən boyun qaçırırlar”.
Xaım Zamani bildirir ki, İran rejimi tərəfindən həbsə atılan digər azərbaycanlılar da var:
“Məhkəməsini və apellyasiya məıhkəməsinin qərarını gözləyən onlarla digər məhbuslar var. Ərdəbil həbsxanasında 19 yaşlı Bəhruz Əlizadə saxlanılır. Aylarla həbsdə qalmasına baxmayaraq, ona qarşı rəsmi ittiham irəli sürülməyib və məhkəmə keçirilməyib. Elyaz Yekanlı kimi də tanınan Əli Xodabəxşi Urmiya həbsxanasındadır. Onun da nə məhkəməsi keçirilir, nə ittiham irəli sürülür. İnsan hüquqları fəalı Reza Abbasi hazırda Zəncan həbsxanasındadır. Onun həbs müddətininin yarısının bitməsindən sonra işinə yenidən baxılmalıdır, amma ona bu imkanı vermirlər.”
Beynəlxalq Amnistiya təşkilatına görə, Reza Abbasi həbs müddətinin azı 2 ayını təkadamlıq kamerada keçirib. Yazılı bəyanatında Beynəlxalq Amnistiya bildirir ki, onun “həbsdə ikən işgəncəyə məruz qalması barədə narahatlıq var.”
Dövlət Departamentinin sözçüsü Şon Makkormak bildirir ki, Birləşmiş Ştatlar İran rejimini öz vətəndaşlarına sistematik repressiyaları dayandırmağa, bütün İranlıların hüquqlarına hörmət etməyə və özlərinin söz, mətbuat toplaşma etiqad və əmək hüquqları uğrunda fəaliyyətinə görə həbs olunanları azad etməyə çağırır.
Bu, Vaşinqtondan Baxış rubrikasında Birləşmiş Ştatlar hökumətinin siyasətinin izahı idi