Accessibility links

Vaşinqtonda Azərbaycan Mədəniyyət Ocağı fəaliyyətə başlayıb


Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün milli kimliyin qorunması, ölkənin tarixi və mədəniyyəti ilə bağlı informasiyanın nəsildən nəsilə ötürülməsi əhəmiyyətli məsələlərdən sayılır.

Vaşinqtonda yanvar ayından fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət Ocağının əsas hədəfi də Birləşmiş Ştatların paytaxtında, Virciniya və Merilend ştatlarında yaşayan azərbaycanlılara bu işdə yardımçı olmaqdır.

Azərbaycan Mədəniyyət Ocağının işığına toplaşanlar hər ay Azərbaycan musiqisi, mədəniyyəti və tarixi barədə bildiklərini digər icma üzvləri ilə bölüşür. Ocağın qurucusu Bədir Məmmədli deyir ki, tədbirlərin əsas hədəfi ana dilinin və milli kimliyin qorunmasıdır.

İcma üzvləri Azərbaycanın yeni tarixi, Qarabağ münaqişəsi ilə bağlı filmləri seyr etməklə yanaşı ölkə barədə maraqlı məlumatları ilkin mənbədən ara-sıra ABŞ paytaxtına qonaq gələn Azərbaycan alimlərindən də almağa çalışır. "Azərbaycan haradadır" sualı ilə tez-tez üzləşən amerikalı azərbaycanlıların görüşünə gəlmiş tarixçi professor Süleyman Əliyarlının Azərbaycanın tarixi sərhədləri barədə danışdıqları da icma üzvlərinin böyük marağına səbəb oldu.

Tarixdə bu ayın əsas hadisələrindən biri, 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay müqaviləsi barədə danışan professor rus qoşunları tərəfindən yağmalanaraq Sankt Peterburqa aparılan Ərdəbil kitab xəzinəsi barədə də məlumat verdi.

Amma amerikalı azərbaycanlıları daha qədim tariximiz də az maraqlandırmır. Suallara cavab verən professor Əliyarlının fikrincə, Azərbaycanlıların türk kimliyi barədə nəzəriyyənin əsasında Dədə Qorqud dastanında da əhəmiyyətli yer tutan ana qurd mifologiyası durur.

Merilend ştatında yaşayan Atilla Təvana Ocağa marağının təsadüfi olmadığını deyir. ATİLLA Atilla Təvana Ocağın nəzdində fəaliyyət göstərən həvəskar ansamblın üzvüdür. Cənab Təvana ilə birgə Rəna Məmmədli və Behruz Fərruxi Azərbaycan mahnılarını sevə sevə icma üzvlərinə təqdim edirlər. Bu sazlı – sözlü ocağın işığına ayda bir dəfə toplaşan güneyli-quzeyli Azərbaycanlılar bu tədbirlərin onlara vətənlə bağlarını qorumaqda yardımçı olduğunu deyir.

XS
SM
MD
LG