Accessibility links

Beynəlxalq Amnistiya:Bütün İran vətəndaşlarının dil hüquqları təmin olunmalıdır


Beynəlxalq Amnistiya Təşkilatı İranda azərbaycanlılar, kürdlər, bəluc və ərəblər daxil olmaqla azlıqların uğradıqları təqiblərdən narahatlığını bildirir.

Təşkilat bildirir ki, yüzlərlə azərbaycanlı dil və mədəni hüquqlarını tələb etdiyinə görə həbsə atılıb. Bəyanatda həmçinin kürd fəallarının həbsi vəfevralın 14-də Zahidan vilayətində bomba partlayışına görə günahkar bilinən bəlucların edamı ilə bağlı da narahatlıq ifadə olunur.

Beynəlxalq Amnistiya bəyanatında Qum, Urmiyə, Təbriz, Zəncan və Ərdəbildə həbslər haqqında məlumat verib və bildirir ki, bir çox hallarda fəallar həbs zamanı işgəncəyə məruz qalıblar.

Beynəlxalq Amnistiya ilə əməkdaşlıq edən Azərbaycanlı siyasi məhbusları müdafiə assossiasiyasının direktoru Faxtə Zamaninin sözlərinə görə, bəyanat bütün həbslərin qeyri qanuni olduğunu əks etdirir. Onun sözlərinə görə yüzlərlə həbs barədə məlumat var. Onların böyük bir qismi hələ də zindandadır.

İranın rühani lideri Xamneyi ötən həftə İranın müxxtəlif bölgələrində qeyri-fars millətlər tərəfindən həyata keçirilən etiraz nümayişləri və iğtişaşların xarici ölkələr tərəfindən təhrik edildiyini bildirib.

İranda qeyri leqal fəaliyyət göstərən ASMEK – Azərbaycanlı siyasi məhbusları müdafiə komitəsinin Türkiyədəki sözçüsü Əlirza Quluncunun sözlərinə görə, bu ittihamların İranda yaşayan azərbaycanlılara heç bir aidiyyatı yoxdur.

Xatırladaq ki, ən son həbslər Tehranda azərbaycanlıların Ermənistan səfirliyi qarşısında keçirdiyi Xocalı faciəsini anım aksiyası ilə əlaqədar baş verib.

"Azərbaycan oyaqdır, Qarabağa dayaqdır" kimi şüarlar və İranın Ermənistana yardımı kəsməsi tələbləri ilə keçirilən aksiyada ən azı 4 fəalın - Əkbər Azadın, Ərdəlan Məhəmmədzadənin, Vəhid Məhəmmədzadənin, Seyyid Hüseyninin həbs edildiyi bildirilir. Xatırladaq ki, İran polisi aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG