Accessibility links

İsrail Fələsinin yeni hökumətini tanımaqdan imtina edib


İsrail kabineti yaraqlılar və mötədillər tərəfindən idarə ediləcək Fələstinin yeni birlik hökumətini tanımaqdan yekdilliklə imtina edib. Amerikanın Səsinin müxbiri Robert Berger Qüdsdən bildirir ki, fələstinlilər İsraili və beynəlxalq ictimaiyyəti öz mövqelərini yumşaltmağa çağırır.

İsrailin baş naziri Ehud Olmert kabinet üzvlərinə İsrailin Fələstinin yeni hökuməti ilə işləməyəcəyini deyib. “Bu hökumətin platforması çox problemlidir, çünki onlar müqavimətə və terrora çağırır, İsraili tanınmaqdan imtina edirlər” - deyə cənab Olmert bildirib. O deyib ki, beynəlxalq ictimaiyyət Fələstin hökumətinin təcridini davam etdirməlidir. Cənab Olmert sülh danışıqlarından imtina edərək deyib ki, o, Fələstin prezidenti Mahmud Abbas kimi mötədil hökumət nümayəndələri ilə ancaq humanitar məsələlərlə bağlı əlaqə saxlayacaq.

Qeyd edək ki, dünən andiçmə mərasimi keçirilən yeni koalisiyada İslamçı yaraqlı qrup Həmas və Mahmud Abbasın başçılıq etdiyi Fətah qrupu hakimiyyəti bölüşürlər. Lakin İsrailin dağılmasına çağıran Həmas təşkilatı beynəlxalq ictimaiyyətin fələstin muxtariyyətinə sanksiyaların götürülməsi üçün qoyduğu iki tələbi yerinə yetirməkdən - zorakılıqdan əl çəkmək və İsraili tanımaqdan imtina edir.

Bütün bunlara baxlmayaraq, Fələstinin yeni xarici işlər naziri Ziad Əbu Əmr İsraili Fələstinin yeni hökuməti ilə əməkdaşlığa çağırıb. Əbu Əmr İsrailin formal olaraq tanınması tələbini rədd edərək, bunları “boş sözlər” adlandırıb. O, İsrail radiosuna verdiyi müsahibəsində Həmasın keçmiş sülh danışıqlarında Yəhudi dövlətinin tanınması barədə əldə olunan razılaşmalara hörmət etdiyini deyib. İsrail isə bunun kifayət olmadığını deyir.

XS
SM
MD
LG