Accessibility links

Ötən təqvim ilində İran Azərbaycanında siyasi məhbuslarla bağlı vəziyyət pisləşib


Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) İranda günəş təqvimi ilə başa çatan ildə insan hüquqlarının pozulmasına dair bəyanat verib.

ASMEK bəyanatında il boyu ana dilində təhsil və digər mədəni hüquqları uğrunda mübarizə aparanların həbs olunduğunu qeyd etməklə yanaşı, 21 Fevral – 2 İsfənd dünya Ana dili günündə həbs olunanların böyük qisminin azadlığa buraxıldığını bildirib.

Günəş təqvimi ilə 1386-cı ilin birinci günündə, martın 21-də yayılan bəyanatda İran Azərbaycanının şəhərlərində olan təzyiq və basqıların insan hüquqlarının vəziyyətinə dair mükəmməl hesabatların hazırlanmasına imkan vermədiyi də bildirilir.

ASMEK Urmiyə, Zəncan, Ərdəbil ve Culfada həbsdə qalan azərbaycanlı fəalların siyahısını da açıqlayıb. Urmiyədə Elyaz Yekanlı ve Hadi Sərxoş, Culfada Adil ve İbrahim Şükri, Ərdəbildə Geştac Vasiqi, Mahmud Aslani, Abbas Lisani və Behruz Əlizadə, Zəncanda isə ASMEK qurucularından olan Riza Abbasi hələ də həbsdədirlər.

Komitə ötən il ərzində İran Azərbaycanında ən fəal qeyri hökumət təşkilatlarından olan Zəncan Universitetinin İslami cəmiyyətinin qadağan olunduğunu da bildirilib. Rəsmilər qərarın səbəblərindən biri kimi təşkilatın 21 Fevral Dünya ana dili günündə Zencandakı mitinqlərin təşkilatçılığında iştirakını əsas gətirib.

Ərdəbildə isə azərbaycanca təqvimlər satışdan yığışdırılıb. Bu təqvimlərin Mədəniyyət (İrşad) idarəsinin izni ilə nəşr edilməsinə baxmayaraq, kitab satışı mərkəzlərinin sahibləri Niruye Entezami (İran polisi) tərəfindən çağırılıb və onlardan bu təqvimləri satmamaları barədə iltizam alınıb. Marağada bütün çap mərkəzlərinə yas mərasimləri ilə bağlı elanların azərbaycanca çap olunmaması barədə xəbərdarlıq edilib.

ASMEK Xiyavlı (Meşkinşəhr) İbrahim Rəşidinin de Tehran inqilab məhkəməsinə çağırıldığını bildirib. Urmiyə universitetininin tələbəsi İbrahim Rəşidi keçmişdə ən azı 3 dəfə həbs edilib. 30 milyon Tümən vəsiqə ilə zaminə buraxılan Rəşidiyə göndərilən məhkəmə vərəqəsinin eynisi onu zəmanət edən qardaşına da göndərilib.

XS
SM
MD
LG