Accessibility links

İran: Ana dili günü məhbuslarının məhkəmələri davam edir


Corc Buş İranın etnik tərkibi haqda
İranla Azərbaycan arasında vizasız rejim haqda danışıqlar davam edir
Avropa Parlamentinin üzvü Tehrana etiraz məktubu göndərib
14 yaşlı fəala qarşı daha bir məhkəmə prosesi
Urmiyəli fəalların məhkəmə prosesi gözlənilir

Corc Buş İranın etnik tərkibi haqda

Aprelin 20-də Miçiqan ştatında terror əleyhinə qlobal mübarizə mövzusunda çıxış edən prezident Corc Buş suallara cavab verərkən deyib ki, İran dini tərkibinə görə əsasən şiələrdən ibarət olsa da, etnik tərkibinə görə həmrəng deyil:

“Maraqlıdır ki, İran əsasən şiə dövləti kimi qəbul edilir. Amma bu ölkənin yalnız 50 faizi farsdır. Ölkənin böyük hissəsi azərilər, bəluclar və digər millətlərdən ibarətdir” deyə ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, İran xalqı böyük ənənələrə malik qürurlu xalqdır. “İran hökuməti xalqını dünyadan təcrid edən qərarlar qəbul edir. İran xalqı bundan narahat olmalıdırmı? Məncə hə. Çünki bu yolla onlar iqtisadi imtiyazlardan məhrum olunurlar.”

Vizasız rejim haqda danışıqlar davam edir

İranla Azərbaycan arasında viza rejiminin ləğv olunması istiqamətində danışıqlar davam edir. Bu barədə day.az xəbər saytına məlumat verən Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov sözügedən imtiyazdan yalnız Naxçıvan sakinlərinin istifadə edə biləcəyini deyib. Danışıqların təfərrüatı barədə məlumat verməyən səfir müzakirələrin müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib.

Avropa Parlamentinin üzvü Tehrana etiraz məktubu göndərib

Avropa Parlamentinin İsveçdən olan deputatı İnger Segelstrom güney azərbaycanlı fəal Abbas Lisaninin həbs olunması, eyni zamanda 21 Fevral Beynəlxalq Ana Dili Günü İranda azərbaycanlılara qarşı hədsiz zorakılığa yol verilməsi məsələləri ilə bağlı İran İslam Respublikasının dini rəhbəri ayətullah Seyid Əli Xamneiyə və ədliyyə naziri Mahmud Haşimi Şahrudiyə məktub yazıb.

İsveçdəki Azərbaycan Gənclər Federasiyasının rəhbəri Nərgiz Nedainin Amerikanın səsinə verdiyi məlumata görə, isveçli deputat məktubda A.Lisaninin 18 aylıq həbsə məhkum edilməsindən narahatlığını ifadə edib. Segelstrom müraciətində Lisaninin Ərdəbildə keçirilən dinc aksiyalarda iştiraka görə tutulduğunu, milli fəalın vicdan məhbusu olduğunu vurğulayıb və Lisaninin işi üzrə Apellyasiya Məhkəməsinin açıq və şəffaf keçirilməsinin vacibliyini qeyd edib. Deputat məhbusun ailəsinə təzyiqlərin davam etdiyini də diqqətə çatdırıb.

İ.Segelstrom 21 Fevral Beynəlxalq Ana Dili Günündə azərbaycalıların dinc aksiyalarının zorakılıqla dağıdıldığını və bunun insan hüquqları prinsipinə zidd olduğunu bildirir. Deputat İran hakimiyyətindən bu cür qeyri-insani təcrübəyə son qoymağı tələb edir.

14 yaşlı fəala qarşı daha bir məhkəmə prosesi

Təbrizdə yaşayan 14 yaşlı Məhəmmədrza Əvəzpura qarşı daha bir cinayət işi açılıb. Türkçülük ideyalarının yayılması və rejimə qarşı fəaliyyət ittihamı ilə yeni məhkəmən prosesinin bu ilin payızında keçirilməsi gözlənilir. Bu ayın sonunda isə Məhəmmədrza Əvəzpurun ötən ilin may mitinqlərindən əvvəlki təbliğat fəaliyyətinə görə daha bir məhkəməsi keçirilməlidir.

Urmiyəli fəalların məhkəmə prosesi gözlənilir

21 fevral Beynəlxalq ana dili günü ilə bağlı mitinqlərdə iştirak və ondan əvvəlki təbliğat fəalliyyətinə görə həbs edilmiş və bir neçə həftədən sonra zaminə buraxılmış Urmiyə fəallarının gələn həftə məhkəmə proseslərinin keçirilməsi gözlənilir. Xatırladaq ki, Urmiyədə Ana dili günü ərəfəsində jurnalist İsmayıl Cavadi də daxil olmaqla onlarla fəal həbsə alınmışdı.

XS
SM
MD
LG