Accessibility links

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağla bağlı mövqeyini dəqiqləşdirdi


"Birləşmiş Ştatların Dağlıq Qarabağ məsələsi üzrə mövqeyi dəyişməz qalır". Bunu Dövlət Departamentinin sözçüsü Tom Keysi Ermənistanda insan hüquqlarının vəziyyətinə dair hesabata edilən dəyişiklikləri şərh edərkən dedi.

Qeyd edək ki, ilkin hesabatda Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və ətraf yeddi ərazini işğal etdiyi söylənilsə də, bu ifadə sonradan "erməni qüvvələri Dağlıq Qarabağın ətrafındakı rayonları işğal altında saxlayır" ifadəsi ilə dəyişdirilmişdi.

Azərbaycan xarici işlər nazirliyinin sərt bəyanatına səbəb olan bu dəyişikliklə əlaqədar xarici işlər nazirinin müavini Araz Əzimovun başçılığı altında nümayəndə heyətinin təhlükəsizlik danışıqları məqsədilə Birləşmiş Ştatlara səfəri təxirə salınmışdı.

Cümə axşamı Dövlət Departamenti mətndə yenidən dəyişiklik edərək əvvəlki redaktəni bərpa etdi.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xəbəri önəmli və edilən dəyişikliyi məntiqli saydığını dedi.

Amerikanın səsinə müsahibəsində ABŞ dövlət Departamentinin mövqeyini açıqlayan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Mətyu Brayza Birləşmiş Ştatların Dağlıq Qarabağ məsələsi üzrə mövqeyinin dəyişməz olduğunu bir daha təkrar etdi:

"Bunu qeyd etmək çox vacibdir ki, bizim siyasətimiz heç bir dəyişikliyə uğramayıb. Bizim siyasətimiz heç bir halda, formada dəyişməyib. İlk növbədə biz Azərbaycanın ərazi bütpvlüyünü dəstəklədiyimizi bir daha vurğulayırıq. Bu məsələ heç vaxt sual altında olmayıb. Biz Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu heç bir zaman inkar etməmişik".

Mətyu Brayzanın xarici işlər nazirliyinin bəyanatında Birləşmiş Ştatların vicdanlı vasitəçi kimi rolunun şübhə altına alınmasına münasibəti belədir:

"Xahiş edirəm, Azərbaycan xalqı, bizim vicdanlı vasitəçi olduğumuza inanın. Mən vicdanlı vasitəçiyəm və mən Azərbaycanın təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü çox vacib hesab edirəm".

Dövlət katibinin yardımçısı Vaşiqntondan gözlənilən təhlükəsizlik əməkdaşlığı üzrə danışıqların çox önəmli olduğunu deyib.

"Biz hava məkanının istifadəsi və ola bilsin ki, fövqəladə durumlarda təyyarələrin enmə imkanlarını müzakirə edə bilərdik. Biz Azərbaycanın özünün təhlükəsizliyi və xüsusilə də dənizdən olan təhlükələrlə bağlı narahatlığını eşitməyə hazırıq. Biz dövlət katibi Kondoliza Raysın bir neçə ay əvvəl prezident İlham Əliyevə göndərdiyi çox önəmli məktubunda Azərbaycana təhlükəsizlik təminatının verilməsi ilə bağlı təklifi haqqında yenidən müzakirə apara bilərdik. Bu cür təminatı biz yalnız ən yaxın dostlarımıza veririk. Və biz Azərbacyanın nə vaxtsa təhlükəsizliyinə hədə olarsa bu ölkəyə vermək istəıdiyimiz təminatları müzakirə edəcəkdik".

Mətyu Brayza Amerikanın səsinin Azərbaycanda insan hüquqularının durumuna dair Birləşmiş Ştatların möpvqeyi haqqında suallarına da cavab verib:

"Əlbəttə ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti bizim üçün önəm daşıyır. İnsan hüquqları və demokratiya ilə bağlı vəziyyət təkcə bizim ölkələr arasında dərin əməkdaşlıq nöqteyi nəzərindən deyil, həmçinin uzunmüddətli stabillik baxımından önəmlidir".

Bu günlərdə Gündəlik Azərbaycan qəzetinin redaktoru Eynulla Fətullayevin beynəlxalq insan hüquqlarını müdafiəı qruplarının kəskin tənqidinə səbəb olan həbsi ilə bağlı suala cavab verən cənab Brayza şərəf və ləyaqətin təhqirinə görə cinayət məsuliyyətinin tətbiqini insan hüquqları və demokratiyaya təhlükə saydığını deyib.

"Biz düşünürük ki, böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulmasına son qoymaq lazımdır. Konkret olaraq bu məhkəmə işi tamamilə böhtanın cinayət məcəlləsi ilə mühakimə olunması ilə bağlıdır. Və Realnı Azərbaycan qəzetinin redaktoru böhtana görə adekvat olmayan çox uzun bir cəza alıb. Biz inanırıq ki, Azərbaycanda böhtana görə cinayət məsuliyyəti ləğv olunarsa, insan haqlari ilə bağlı vəziyyətin yaxşılaşar və demokratiya güclənər".

Cənab Brayzanın sözlərinə görə, onun və ABŞ hökumətinin Azərbaycanda bütün sahələrdə, o cümlədən söz azadlığı və insan hüquqları sahəsində irəliləyişin olduğu barədə müsbət təəssüratı var və onlar bu təəssüratlarında yanılmaq istəmirlər.

XS
SM
MD
LG