Accessibility links

Human Rights Watch Eynulla Fətullayevin azadlığa buraxılmasına çağırır


Beynəlxalq insan hüquqları təşkilatı Human Rights Watch hökumətin son 10 ay ərzində 5-ci jurnalisti həbsə məhkum etməsi ilə Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyini bildirir. Təşkilat müstəqil “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsini kəskin şəkildə qınayıb. Eynulla Fətullayev Yasamal rayon məhkəməsi tərəfinən aprel ayının 20-də böhtan və təhqir ittihamları ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, internet səhifəsində 1992-ci il Xocalı soyrımında azərbaycanlıların təqsirləndirildiyi yazıya görə günahlandırılırdı. Fətullayevin ittihamları rədd etməsinə baxmayaraq, məhkəmə onu 30 ay müddətinə həbs cəzasına məhkum etmişdir. Həmin gün Eynulla Fətullayevin həmkarı, “Realnı Azerbaydjan” qəzetinin şöbə redaktoru Üzeyir Cəfərov naməlum şəxslər tərəfindən hücuma məruz qalmışdı. Human Rights Watch təşkilatı siyasi motivlərə əsaslanan diffamasiya ittihamları və jurnalistlərə qarşı zorakı hücumların artmasını Azərbaycanda tənqidi səslərin susdurulması kimi qiymətləndirir. Fevral ayının 9-da təşkilatın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda Fətullayev də daxil edilməklə, jurnalistlərin zorakı və kriminal diffamasiya ittihamları ilə üzləşdiyinə dair faktların sənədləşdirildiyi bildirilmişdi. Human Rights Watch prezident Əliyevi bu kimi hallara qarşı ciddi ölçülər götürülməsi, Azərbaycanın söz və mətbuat azadlığı sahəsində beynəlxalq öhdəliklərə əməl etməsinin təminat altına alınmasına çağırıb. Human Rights Watchun Avropa və Orta Asiya üzrə direktoru Holli Kartner Fətullayevin həbsinin siyasi motivlərə əsaslandığını deyərək, onun dərhal azadlığa buraxılmasına çağırıb. Eynulla Fətullayevin həbsi yenə də həmin məhkəmənin Qaçqınlar və məcburi köçkünlərin hüquqlarının müdafiəsi mərkəzinin rəhbəri Tatyana Çaladzenin böhtan və təhqir iddialarına əsasən onun 10 000 Azərbaycan manatı, təqribən 12 000 ABŞ dolları məbləğində cərimə ödəməsi barədə hökmündən iki həftə sonraya təsadüf edib. ATƏT Azərbaycanı böhtanın cinayət məcəlləsindən çıxarılmasına çağırmışdır. Fevral ayı Human Rights Watch da prezident Əliyevə yazdığı məktubda həmin çağırışlara qoşulmuşdu.

XS
SM
MD
LG