Accessibility links

İran Azərbaycanında mətbuat təzyiq altında


Dünya ictimaiyyəti mətbuat azadlığı günündə jurnalistlərin təhlükəsizliyi və mətbuata basqılara qarşı birgə mübarizəyə çağırdığı bir zaman İran Azərbaycanında jurnalistlərin həbsi və müxtəlif basqılar vüsət alır.

Bu günlərdə daha bir jurnalist İsmayıl Cavadinin məhkəməsi keçirilib. Cənab Cavadinin hökmü hələ özünə təqdim olunmayıb. O, İran rejimi əleyhinə təbliğat və separatçılıqda günahlandırılır. İsmayıl Cavadi həbsinə yazılarının səbəb olduğunu və istintaq zamanı gülünc ittihamlarla qarşılaşdığını deyir.

İsmayıl Cavadi yazılarına görə təhdidlərlə üzləşən yeganə jurnalist deyil. Zəncanda nəşr olunan Gündəlik Mərdome no (Yeni xalq) qəzetinin yazarı Reza Abbasi 8 aydan artıqdır ki, Zəncan zindanında saxlanılır. Eyni qəzetin yazarı Səid Mətinpur da dəfələrlə həbslərə məruz qalıb.

Həbsdə olan digər yazar Urmiyənin Sədaye Urmiyə həftəliyində Elyaz Yekanlı təxəllüsü aıltında yazıları ilə çıxış edən Əli Xodabəxşidir. Nəşrin türkcə səhifələrinə məsul olan Xodabəxşi 21 Azər günündə tutularaq bir il həbsə məhkum olunub və indi Urmiyə zindanında saxlanılır.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsi ASMEK-in verdiyi məlumata görə, təqribən 4 il bundan əvvəl bağlanandan sonra daha nəşr icazəsi almayan Şəmsi Təbriz qəzeti yalnız internetdə və digər nəşrlərin əlavəsi olaraq fəaliyyətini davam etdirib.

Qəzetin baş redaktoru Hamid İman və bu nəşrdə yazıları ilə çıxış edən Həsən Ərk, Hidayət Zakir, Məhəmməd Rza Ləvayi dəfələrlə həbs ediliblər. May hadisələrindən sonra qəzetin Hamid İman da daxil olmaqla bir neçə yazarı həbs olunduqdan sonra qəzet nəşrini tamamilə dayandırıb.

İsmayıl Cavadi ilə bərabər Fərdaye Ma (Sabahımız) qəzetinin əməkdaşları siyasi məhbuslar haqda yazdıqlarına görə dəfələrlə təhdidlərə məruz qalıblar.

Qəzetin yazarlarından olan digər jurnalistlər - Əsədullah Səlimi və Rəsul Cəfəri də dəfələrlə həbs olunaraq, Ettelaatın təcridxanasında saxlanıb və yazdıqları yazılara görə mühakimə ediliblər.

Digər başıbəlalı nəşr – Yarpaq qəzeti isə Tehranda dərc olunur. Nəşr etdiyi yazılara görə dəfələrlə xəbərdarlıq alan qəzetin Yazarlar şurasının sədri Səid Muğanlı, məsul katibi Eyvaz Taha, və yazarı Rza Kazımi də bir neçə dəfə həbsə məruz qalıb. İsmayıl Cavadinin sözlərinə görə, İran rəhbərliyi hansı yazıların və sözlərin məqbul, hansılarının qeyri-məqbul olduğu barədə çox aydın tapşırıqlar verir.

Yasaq mövzulardan əlavə,İrşad idarəsi hansı mövzuların alqışlandığını da nəşrlərə tez tez göndərdiyi məktublarda açıqlayır.

ASMEK qəzetlərə göndərilən qeyri-rəsmi tapşırıqlarda Azərbaycan əleyhinə yazıların təşviq edildiyini bildirir. Tapşırıqlara məhəl qoymayan qəzetlərin taleyi isə "Şəmsi Təbriz", yaxud "Nəvidi Azərbaycanınkı" kimi olur. "Nəvidi Azərbaycan" qəzeti də 2006-cı ilin əvvəllərində pantürkizm və millətçiliyi təbliğinə görə bağlanmış, yalnız 6 aydan sonra nəşrini bərpa edə bilmişdi. Yazıları İran Ettelaatının qəzəbinə tuş gələn yazar Kiyan Səfəri isə 2003-cü ildə həbs olunub.

Meşkinşəhrdə dərc olunan Veravi həftəliyi də 6 ay bundan əvvəl, rejimin maraqlarına sığmayan yazılara görə bağlanıb.

ASMEK indiyədək azərbaycanca nəşr olunan 50 tələbə dərgisinin bağlandığını və 500 nəfərə yaxın tələbə yazarın Ettelaat tərəfindən həbs olunduğunu bildirir. Bundan əlavə, təşkilat tələbələrin universitetlərdə təzyiqlərə məruz qaldığını bildirir. ASMEK-in narahatlığına səbəb olan məsələlərdən biri də universitet büdcəsindən yalnız farsca nəşrlərin maliyyələşdirilməsidir.

XS
SM
MD
LG