Fransanın yeni prezidenti Nikola Sarkozi Fransua Filonu baş nazir təyin etdikdən sonra 15 nəfərlik kabinetin tərkibini elan edib. Nazirlərin sayı yarıya endirilib və gender balansı təmin olunub.
Keçmiş baş nazir Alan Jupe davamlı inkişaf, ətraf mühit və enerji naziri, sosialist Bernard Kuşner xarici işlər naziri olub. Prezident Sarkozi ekologiya məsələlərinin prioritet olduğunu elan edib.
Kabinet üzvləri arasında yeddi qadın və Fransa tarixində ilk dəfə şimali afrikalı ədliyyə naziri Rəşidə Dati də var. Sarkozinin dostu Bris Hortefe isə yeni immiqrasiya və milli kimlik nazirliyinə başçılıq edəcək.