Accessibility links

Qərbi Azərbaycanda geniş həbs dalğası


Mayın 22-də İran Azərbaycanının iri şəhərlərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Aksiyalar günü yaxınlaşdıqca, milli hüquqlar uğrunda hərəkat fəallarına təzyiqlər artsa da, nümayişlərə hazırlıq davam edir. Qərbi Azərbaycanda və Qumda durumun ağır olması ilə bağlı məlumatlar daxil olur.

Bir il əvvəl Urmiyə və Sulduzda nümayişlərdə baş verən qanlı olaylar 2006-cı il May hərəkatının ildönümü ilə bağlı bu şəhərlərdə gedən hazırlıq işlərinə diqqəti xüsusilə artırır.

Xatırladaq ki, ötən il Sulduzda dinc nümayişçilərin polislə toqquşması zamanı dörd nəfərin qətlə yetirildiyi İran rəsmi dairələri tərəfindən təsdiqlənmişdi. Urmiyədə həlak olan iki nəfərin Fərzad Əsədpur və Eyvaz Səyyahinin qətlinə görə isə İran təhlükəsizlik qüvvələri məsuliyyəti üzərinə götürməyib.

Bu günlərdə də nümayişlərə hazırlaşan Qərbi Azərbaycanın Urmiyə və Sulduz şəhərləri Ettelaat və təhlükəsizlik qüvvələrinin xüsusi diqqətini cəlb edir. Urmiyəli jurnalist İsmayıl Cavadi Amerikanın səsinə son durum barədə məlumat verib.

Cənab Cavadinin sözlərinə görə, həbslər keçiriləcək mitinqlərlə bağlı yayılan vərəqələrlə bağlıdır. İsmayıl Cavadi məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqlər olduğunu deyir.

İranın dini mərkəzi sayılan Qumda da fəallara qarşı təzyiqlər var. Bunu Amerikanın səsinə bu şəhərdə sürgün həyatı yaşayan din xadimi və hərəkatın tanınmış simalarından biri Əbdüləzim Əzimiqədim deyib.

Cənab Əzimiqədimin sözlərinə görə, təzyiq və təhdidlər insanları qorxutmağa yönəlib. Buna baxmayaraq, fəallar nümayişlərdə iştiraka hazırlaşmaqda davam edir.

XS
SM
MD
LG