Accessibility links

Bosniyada müsəlmanların qətliamına görə daha bir general həbs olunub


Avropa Birliyi rəsmiləri Bosniya serb generalı Zdravko Tolimirin həbsini alqışlayıblar. 1990-cı illərdə Bosniya Herseqovinada soyqırım törətmək ittihamı ilə axtarışda olan bosniyalı serb komandir general Zdravko Tolimir BMT-nin müharibə cinayətləri tribunalı qarşısına çıxmaq üçün bu gün Haaqaya gətirilib.

Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Havyer Solana Bosniya serb qüvvələrinin həbsdəki rolunu alqışlayaraq, general Ratko Mladiç də daxil olmaqla bütün müharibə cinayətkarlarının ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyini vurğulayıb.

NATO qüvvələri tərəfindən məhkəməyə gətirilən general Tolimir Hollandiyadakı beynəlxalq məhkəmədə münaqişədə oynadığı rola, xüsusilə də Srebrenitsada 8 min müsəlmanın ölümü ilə nəticələnən qətliama görə mühakimə olunacaq.

Tolimir Yuqoslaviyadakı müharibə cinayətlərinə görə axtarışda olan üç nömrəli cinayətkardır. O, Bosniya serb rəsmiləri ilə Serbiya hüquq mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində Serbiyadan Bosniya Serb Respublikasına keçdiyi zaman həbs olunub.

General Tolimir Bosniya mülki əhjalisinə qarşı cinayətlərdə baş günahkar hesab edilən general Ratko Mladiçin birbaşa tabeçiliyində fəaliyyət göstərərək, kəşfiyyat və təhlükəsizlik məsələlərinə cavabdeh idi.

XS
SM
MD
LG