ABŞ Dövlət Departamenti İranda üçüncü iranlı amerikalının casusluq ittihamı ilə həbs olunduğunu, dördüncüsünün isə ölkədən kənara buraxılmadığını deyib. Həbsdə olanlar arasında Halə İsfəndiyari də var. Onun Vudro Uilson mərkəzində işləyən həmkarları İsfəndiyariyə qarşı irəli sürülmüş casusluq ittihamlarının tamamilə əsassız olduğunu bildirir.
Halə İsfəndiyari deyirdi ki, "dünyanın diqqətini bu dərəcədə cəlb edən Yaxın Şərqin xalqını, mədəniyyətini anlamaq olduqca vacibdir.”
Vudro Uilson mərkəzinin Yaxın Şərq proqramının direktoru olaraq onun işi Yaxın Şərqlə bağlı məsələlərdə açıq dialoqu təmin etmək idi. Lakin mərkəz bu alim qadın Mayın 8-də həbs ediləndən bəri heç bir dialoqun mümkün olmadığını bildirir. Mərkəzin rəhbəri Li Hamilton həbsi qanunun aliliyinə və ləyaqət prinsiplərinə zidd addım adlandırıb:
"Bizim İran hökumətinə çox sadə bir ismarıcımız var. Galə azad olunmalıdır. Onu ailəsinə və işinə dönməyə qoyun.”
ABŞ vətəndaşlığı almış Halə İsfandiyari ötən dekabr ayında 93 yaşlı anasını görmək üçün İrana gedəndə onun passportunu əlindən aliblar. Onun həyat yoldaşı Şaul Baxaş müxbirlərə deyib ki, mayın 8-də Halə İsfəndiyari məhbuslarla pis rəftarı ilə məşhur olan Evin zindanına aparılandan bəri, o, xanımı ilə danışmayıb:
"Mən Halənin həm əqli həm də fiziki durumundan narahatam. Bizim Evin həbsxanasında istintaq üsulları haqqında bildiklərimizə görə, narahatlığımızın həddi çox yuxarıdır".
Yaxın Şərq araşdırmaları üzrə professor olan Baxaş İranın dünyanın istəyini nəzərə alaraq, onun arvadını azad edəcəyinə ümid edir:
"Bizə çox dəstək verən beynəlxalq ictimaiyyətə arxalanmalıyıq. Mən ümid edirəm ki, İranla əlaqələri olan ölkələr mənim xanımım və digərlərini həbs etməklə öz beynəlxalq nüfuzuna və mövqeyinə zərbə vurduğunu Tehranın nəzərinə çatdıracaqlar”.
Nəvələri olan, 67 yaşlı Halə İsfəndiyari, İranda casusluq ittihamı ilə saxlanan dörd amerikalıdan biridir. Dövlət Departamenti bildirir ki, onlara rəsmi ittihamlar barədə məlumat verilməyib. Sözçü Tom Keysi həbs olunan amerikalıların dördünün də mülki vətəndaş olduğunu vurğulayıb:
"Onların hər hansı bir formada, hər hansı bir üsulla İran rejimi üçün təhlükə daşıdığını düşünmək tamamilə absurddur. Biz İran hökumətini onları azad etməyə və ailələrini ziyarəıt etməsinə imkan verməyə çağırırıq."
Keçmiş ABŞ konqressmeni olan Hamilton İranı həbsə məcbur edənb səbəblər barədə mülahizələrdən çəkinsə də, mərkəzin obyektiv, heç bir siyasi bağlılığı olmayan və ABŞ hökumətindən heç zaman pul almayan bir qeyri-hökumət təşkilatı olduğunu dedi. Onun sözlərinə görə, hazırda Halə İsfəndiyari və digər məhbusların azad olunması üçün ondan artıq məktub kampaniyası həyata keçirilir.