Accessibility links

Təhsil proqramı: Amerikada həkim işləmək üçün nə etməli?


Amerikanın səsinə Vyetnamda yaşayan bir həkim sualla müraciət edib. "Birləşmiş Ştatlarda həkim işləmək üçün xarici həkimlər nə etməlidir?" deyə Tran Kinh Tanh soruşur.

Bunun bir yolu Birləşmiş Ştatlarda tibbi rezidentura bitirməkdir. Rezidentura tibb universiteti məzunlarının xəstəxanada keçdiyi təlim-təcrübə zamanına deyilir.

Rezidenturaya qəbul olunmaq üçün başqa ölkələrdə təhsil almış həkimlər Xarici Tibb məzunları Təhsil Komissiyasından təsdiq sənədi almalıdırlar. Bunun üçün bir neçə testdən keçmək lazımdır. Bundan sonra əcnəbi həkimlər Birləşmiş Ştatlarda ən azı təlim təcrübə keçdikləri dövrdə qalmaq üçün viza ala bilərlər.

Birləşmiş Ştatlarda həkim təcrübəsi keçmək də bir neçə mərhələyə bölünür. Lakin digər ölkədə təhsil almış həkimlərin görməli olduğu ilk iş onların oxuduğu ali təhsil ocağının dünya sistemində tanınıb-tanınmadığını öyrənmək olmalıdır.

Tanınan universitetlərin siyahısını FAİMER Beynəlxalq Tibb Təhsili Direktoriyasında tapmaq olar. FAİMER Beynəlxalq Tibb Təhsili və Araşdırmalarının İnkişafı Fondudur.

Əgər sizin bitirdiyiniz Tibb universiteti həmin siyahıda yoxdursa, siz rezidenturaya qəbul edilməyəcəksiniz. Burada çıxış yolu yenidən tibb təhsili almaqdır – amma bu dəfə Amerikada.

Birləşmiş Ştatlarda Amerika Tibb Kollecləri Assosiasiyasına üzv olan 125 ali məktəb var. Assosiasiyanın məlumatına görə, ötən dərs ilində ABŞ-da ali tibb təhsili üçün min yüz-dən artıq əcnəbi müraciət edib. Onların yalnız dörddə biri qəbul olunub.

Birləşmiş Ştatlardakı demək olar ki, bütün ali tibb məktəbləri Tibb Kollecinə qəbul testində toplanmış balları tələb edir. Gələcəyin həkimləri kollecdən sonra dörd il tibb universitetində təhsil alırlar. Sonra onların daha təcrübəli həkimlərin nəzarəti altında rezidenturası başlayır. Üç ildən yeddi ilə kimi sürən rezidenturanın ilk ili internatura - hazırlıq kursu adlanır.

Amerika Tibb Kollecləri Associasiyası Tibb məktəblərinə qəbul qaydaları adlı kitab nəşr edir. Son belə nəşr 2008-2009-cu təhsil ili üçün nəzərdə tutulub. Bu kitabçada bütün məktəblər barədə, o cümlədən, xarici tələbələr üçün məlumat var.

Qiyməti 25 dollar olan bu kitabı Assosiasiyanın veb-səhifəsindən sifariş etmək olar. Həmin kitabçanın linkini Amerikanın səsinin www.voaspecialenglish.com səhifəsində də tapa bilərsiniz.

XS
SM
MD
LG